Nuriyevlər davam edir, biz sual veririk, AFFA isə susur.

23 Aprel 2021 22:20 Köşə 1 565
Nuriyevlər davam edir,  biz sual veririk, AFFA isə susur.

Azərbaycan milli komandasına yeni cəlb olunan Anatoli Nuriyev Ukrayna mətbuatına açıqlama verib. Verdiyi açıqlamada millimizə dəvət almasından geniş danışan futbolçu, bəzi acı həqiqətləri də rahatlıqla dilə gətirib. Açıqlamdan statları bir-bir sizə təqdim edirəm.

“Açığı, özümü beynəlxalq arenada sınamağı çox istəyirdim. İlk dəfə bir il əvvəl Azərbaycan millisində oynamaq fürsətimin olduğunu öyrəndim”.

Başa düşmədim, Azərbaycan boyda ölkənin millisi bunlar üçün poliqondur, yoxsa beynəlxalq arenada özünü sınamaq arzusu olanların ümid yeri? Onsuz da sevərək millimizə gəlmədiyinizi bilirik. Heç olmasa orda-burda bunu fəxrlə dilə gətirməyin.

Anatoli davam edir - “Ata tərəfində Azərbaycan köklərim var. Zakarpatiya futbolunun yetirməsi kimi həmişə Ukrayna yığmasında oynamaq istəyirdim. Ancaq mən həmişə realist olmuşam və başa düşmüşəm ki, Andrey Şevçenkonun komandasında ən gərgin rəqabət yarımmüdafiəçilər arasındadır".

Adam açıq-aşkar Ukrayna millisində heç rəqabət aparmağa belə layiq futbolçu olmadığını deyir. Hər halda Ukrayna millisi nə İspaniyadı, nə də İtaliya. O zaman ehtiyat qüvvəsinə belə layiq olmayan futbolçunu yalvar-yaxarla bura gətirməyin adı nədir?

Anatoli davam edir - "Azərbaycan millisini seçməzdən əvvəl komandanın baş məşqçisi Canni De Byazi ilə iki dəfə görüşdüm və mənə etibar etdiyini söylədi. İtalyan mütəxəssisin məhz bu etimadı mənim üçün kifayət etdi".

Adam De Byazinin etimadından dolayı Azərbaycan millisinə gəldiyini deyir. Sabah De Byazi olmayanda nə olacaq? AFFA-nın hər yeni məşqçi üçün yeni Nuryevlər tapmaq ənənəsi nə vaxta kimi davam edəcək? Hardadı əvvəlki Anatolilər - Nazarov, Almeyda, Dadaşov, İsrafilov və.s ?

Anatoli davam edir - "Mart ayındakı fasilə zamanı Azərbaycan milli komandasında üç oyun keçirdim. Əvvəlcə dünya çempionatının seçmə mərhələsində Kriştiano Ronaldonun kapitanı olduğu Portuqaliya ilə, daha sonra Qətərlə yoldaşlıq görüşündə və nəhayət Serbiya ilə oyunda. Balkanlarla matçda bir xal qazanmağa yaxın idik, amma bəxtimiz gətirmədi. Yenə də ümid edirəm ki, qazandığım beynəlxalq təcrübə bu yaxınlarda müqaviləmi bir il uzatdığım “Minay”da mənim üçün faydalı olacaq”.

Anatoli burada isə Azərbaycan millisinin onun üçün heç "Minay" qədər önəmli olmadığını deməyə çalışır. Görmüşük ki, futbolçu klubda təcrübə yığar və bu təcrübə ilə milliyə də fayda vermiş olar. Azərbaycan millisinə gələnlər üçün isə hər şey tam tərsidir. Azərbaycan millisinin sayəsində təcrübə yığıb, futbolçu olub, klublarına faydalı olmağa çalışırlar. Ronaldonun kapitanı olduğu milliyə qarşı oynayıb, bunu fəxrlə dostlarına danışırlar və.s, və.i.

Anatolinin başverənlərdə heç bir günahı yoxdur. Xəyallarını gerçəkləşdirmək üçün əlinə fürsət düşüb və o da bundan geninə-boluna istifadə edir. "Minay"da faydalanması üçün yaxşı "poliqon" tapıb. Kim belə "poliqon"dan üz döndərər ki?

"Bəs AFFA hara baxır? Millyonları talayan qurum nə üçündür? Millimizə heç bir faydası dəyməyəcək Anatolilər üçün bir il qapılarda qalmaq, xahiş-minnət düşmək niyə belə vacibdir? Özünüzə hörmət etmirsiniz, heç olmasa 10 milyonluq xalqın millisinə hörmət edin.

Xanoğlan İmanov

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”