Qurban Qurbanov kimlərin üstündən qara xətt çəkməlidir?

4 Mart 2021 20:20 Köşə 1 720
Qurban Qurbanov kimlərin üstündən qara xətt çəkməlidir?

Komandasının qış fasiləsindən sonrakı qeyri-sabit çıxışı, güman edirəm ki, Qurban Qurbanovun özünü da bir qədər silkələdi.

Daha o deyil. Əvvəlki rahatlıq və məmnunluq yoxdur sözündə, davranışında, bazışlarında.

Bir narahatlıq oxuunur simasından. Düzdür, o, heç vaxt mediaya açıq danışmayıb, məsafə saxlayıb, futbolçusunu, komandasını nə tənqid edib, nə də tənbeh.

Nə edib, paltardəyişmə otağında, iclasda edib. Birini də ictimaiyyətin gözü qarşısında eləməyib, çalışıb ki. danışdıqları, dedikləri, hərəkətləri dörd divar arasında qalsın, kənara çıxmasın.

İndi bir az fərqlidir situasiya. Bu həna o hənayap oxşamır. «Neftçi»nin çempionluq yolundan qopmaması, dirəşməsi onların gücündən, güclənməsindən xəbər vermir.

Problem «Qarabağ»ın özündədir. Nizam-intizamı axsayır komandanın. Biri meydandan kənarda (Donald Gerye), biri meydanda istədiyiri edir (Kevin Medina).

Gerye göndərildi, doğrudur, lakin bu, daşların yerinə oturmasının göstəricisi sayılmamalıdır.

Daha bir necə «doymuş» futbolçu var ki, Qurbanov onlara əncam çəkməsə, «Qarabağ» adət etdiyimiz nəticələri ilə avrokuboklara səs salmayacaq gələn dəfə.

Xayme Romero, Mahir Emreli, Uros Matiç göndərilməlidir. Romero tükənib, sabitliyini itirmir, vaxtını meydandan daha çox, həkim otağında keçirir.

Mahir nə istədiyini, nə edəcəyini, hara gedəcəyini özü də bilmir. Ruhu 2015-ci ildən formasını geyindiyi «Qarabağ»ı bir müddətdir ki, tərk eləyib.

Havalardadır, buradan ora, oradan bura uçur. Qurbanov yenə sevimli hücumçusundan yapışıb qalsa, özünü də, komandasını da saman çöpündən yapşacaq hala gətirəcək.

Zorla məhəbbət olmur.

Matiç «Qarabağ»ın ötən 5 ildəki ən böyük həyat qırıqlığıdır. Həm «Kopenhagen»ə, həm də futbolçunun özünə ətək-ətək pul ödə, dəm-dəstgahla al gətir, bütün ümidlərini ona bağla ki gücünə güc qatacaq, sonra da fısdıq əvəzinə çürük qoz olmasına yana-yana şahidlik elə.

Bu da ağırlı dərddir.

«Qarabağ»da bu cür futbolçular olmamalıdır. Qurbanov sürəti ilə, texnikası ilə, mübarizliyi ilə özünü «Qarabağ»a verə biləcək, ruhən bir gün Mars, bir gün Yupiter planetlərinə səfər etməyəcək legioner al(dır)malıdır.

Mən hələ ona təəccüb qalmışam ki, o, Abdulla Zubirə 3 illik yeni müqaviləyə niyə qol çəkdirib. Fransızı komandanın canı, qanı, «düşünən beyin»i, nə bilim, nəyi hesab edənlərin söhbətləri, iddiaları bəndənizə çatmır.

Zubir özü üçün oynayır. Qanad futbolçusudur. Cinaha çəkilir, bşqa iş görmür. Texnikası yüksək, sürəti zəifdir. Güclü zərbəsi yox, son vuruşu yox. Böyük işlər üçün yararsızdır.

Qurbanov belələri ilə qurtarmalıdır. Ki, «Qarabağ» da durğun və yorğun sifət cizgilərindən qurtulsun.

Xəzər Hikmət

Xəbər Lenti