Heç "Neftçi"nin, "Qarabağ"ın da… İnanan daşa dönsün!

25 Yanvar 2021 09:40 Köşə 1 715
Heç "Neftçi"nin, "Qarabağ"ın da… İnanan daşa dönsün!

Bir neçə gün əvvəl AFFA böyük təntənə ilə Tovuzda Futbol Akademiyasının açılışını etdi.

Bəh-bəhlə lent kəsdilər. Camaata elə təqdim edildi ki, federasiya şərait olmayan bir yerdə futbolun təməlini qoydu.

Akademiyanın tikintisinə FIFA və UEFA tərəfindən 3.5 milyon AZN, AFFA tərəfindən isə 800 min AZN (FIFA və UEFA 81 faiz, AFFA 19 faiz) maliyyə vəsaiti ayrılıb.

Tikinti prossesində elan olunmuş tenderlər vasitəsilə ayrı-ayrlıqda 19 şirkət iştirak edib. Sərf olunmuş vəsait akademiyanın ərazisində inşa olunmuş inzibati binalara, eyni zamanda dörd futbol meydançasına və sair işlərə sərf olunub.

Tovuz Azərbaycan futbolunun Məkkəsidi. Müstəqil Azərbaycanın ilk avrokubok təmsilçisidir. Yerli əhalinin ən böyük sevgisi futboldu. Bu sevgi ilə yanaşı tovuzluların fitri istedadı da var, necə deyərlər qanlarında futbol var.

Təsadüfi deyil ki, bir zamanlar Tovuzu Gəncə və Sumqayıtla bərabər "futbolçu konvereyeri" adlandırırdılar. Amma AFFA-nın son illərdəki analoqu olmayan fəaliyyəti nəticəsində bütün ölkədə də olduğu kimi, Tovuzda da futbol formal olaraq var.

Bunlar 14 ildir futbolumuza rəhbərlik edir. İndiyəcən uşaq futboluna hansısa töhfə verdiyi yadıma gəlmir.

Və birdən futbol federasiyanın rəhbərləri nə düşünürsə Tovuzda akademiya açmağa qərar verirlər. Bunun üçün 4.3 milyon AZN xərclənməsin.

"Akademiya" sözü nə qədər möhtəşəm səslənsə də hiss edirəm ki, zənniniz sizi aldadır.

Məsələ burasındadır ki, AFFA 4.3 milyon manata bu işi sıfırdan görməyib. Tovuzda baza da olub, stadion da, meydançalar da. AFFA kosmetik təmir işi görüb və süni qazon saldırıb. Bu işlərin 4.3 milyona başa gəldiyinə inanan daşa dönsün!

Ümumiyyətlə, dünya süni meydançalardan imtina edir. Xüsusə uşaqlarda bu cür meydançalar xroniki zədələr yaradır, uşaqlar düzgün inkişaf etmir, nəticədə futbolçu olmamaqları bir yana ömürlük şikəst qalırlar. AFFA az xərc çəkmək üçün tovuzlu uşaqlara belə bir gələcək rəva görüb.

Əhalisi Tovuzdan iki dəfə az olan və qərb rayonumuzdan fərqli heç bir futbol ənənəsi olmayan Qəbələdə AFFA-nın xəbəri olmadan tikilən Futbol Akademiyasının təkcə təbii örtüklü futbol meydançaları Tovuzdakı bütün meydançaların cəmindən çoxdu.

Və nəzərə alaq ki, Qəbələ Futbol Akademiyası

illər öncə tikilib. Yəni indi tikintiyə başalasaydılar, çox güman, süni örtüklü meydançaları ümumiyyətlə olmazdı.

Onu da nəzərə alaq ki, Qəbələ dağlıq rayondu. Yəni Tovuzun iqlimi təbii meydança üçün daha əlverişlidir.

Amma AFFA Bakıdakı akademiyasında da süni örtüyə üstünlük verib. Əgər buna akademiya demək olarsa. "Dalğa Arena"dakı süni örtük uşaqları təməldən şikəst etməklə yanaşı, orda külək futbol oynamaqlarına imkan vermir. Stadionun ərazisində yerləşən və Bakının ən bahalı pullu çimərliklərindən

"Dalğa Beach"də şərait daha yaxşıdır. AFFA rəhbərliyi bu çimərlik üçün həqiqətən könül verib.

Tovuz Futbol Akademiyası kimi, 2001-ci ildə bəh-bəhlə açılan "Bakı" Futbol Akademiyası da vardı.

Qəbələ kimi, o akademiyada da AFFA-nın deyildi. Məhz bu səbəbdən BFA paytaxtın yeganə normal futbol akademiyası idi, bir neçə təbii örtüklü meydançaları vardı və s.

Bəs nə oldu? Cəhənnəmə getdi! Görbagör oldu! Çünki AFFA-nın deyildi və o akademiyanı uşaq futbolunun inkişafı üçün istifadə etmək planı yox idi futbol federasiyamızın.

Ermənilərin Ağdamı və başqa şəhərləri yerlə-yeksan etdiyi kimi, "Bakı"nın on milyonlarla dollara başa gələn Futbol Akademiyası da darmadağın edildi.

İndi orda yaşayış binaları tikiləcək. Bakı - Sumqayıt trassının ortasında, o ekoloji durumda, o səs-küydə kimsə yaşamaq istəyəcəkmi, bilmirəm. Amma heyf o akademiyadan...

Gəncə, Mingəçevir kimi ənənələri olan şəhərlərimizdə isə ümumiyyətlə uşaq futbolu üçün heç bir şərait yoxdur.

Heç "Neftçi"nin, "Qarabağ"ın da normal şəraiti olan akademiyası yoxdur.

Qalanları haqda isə danışmaq artıqdır.

Hazırkı AFFA isə 14 illik futbol fəaliyyətini Avropa çempionatından sonra major notda bitirəcək. Keçən il pandemiya imkan vermədi, görək bu il nə olur?

Anar Şabanoğlu

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!