Xüsusi təyinatlı Rəcəbov

5 Yanvar 2021 18:00 Köşə 2 425
Xüsusi təyinatlı Rəcəbov

Doğrusu heç bilmirəm igid böyük ustamız (şahmatda ən yüksək dərəcə sayılan qrossmeyster adı dilimizə bu cür çevrilir) Teymur Rəcəbovun çempion olduğu axırıncı beynəlxalq turnirin adı necə yazılır. Ancaq bizim üçün o yarış Qarabağ turniri idi. Başqa adın nə mənası? Və Rəcəbov sağ olsun, başımızı uca elədi, millətə daha bir zəfər qazandırdı.

Əslində bir erməni millətindən olan idmançıyla yarışmağa hansısa siyasi don geyindirməyin, militarizm havası qatmağın əleyhinəyəm. Ancaq idman elə siyasət deyilmi? Özü də siyasətin ən gözəlidir. Könül istərdi ki, azərbaycanlılar və ermənilər elə ancaq şahmat taxtası arxasında bir-birini “qırsınlar". Düşmənçilik yalnız kombinasiya qurmaqda özünü göstərsin. Mina basdırmaq əvəzinə, qambit oynasınlar. (Qambit şahmatda badalaq gəlmək, kələk qurmaqdır, o üzdən mina partlayışına bənzədirəm). Cəbhə xəttində batalyonları geri çəkməyi çatdırmayıb qırğına verməkdənsə, damalı taxta arxasında vaxt çatışmazlığına – seytnota uğrasınlar. Piyadalar şahmatda ölsün, toplar şahmatda guruldasın, şahlar qalasını orda qursun. Mən bəşəriyyətin haçansa belə savaşsız, sülh şəraitində, qardaş kimi yaşayacağına o qədər ümid eləmirəm, lakin nə bilmək olar? Dünyada möcüzələr çoxdur. Biz bunun birini keçən ilin axırında yaşamadıqmı?

Yeri gəlmişkən, ermənilərlə azərbaycanlıların idman sahəsində qırğına çıxması SSRİ-də, birgə yaşadığımız dövlətdə də öz qüvvəsində qalmışdı. Deyirlər o zaman Bakının “Neftçi” futbol klubuyla Yerevanın “Ararat” klubu arasında oyunlar hər zaman böyük gərginlik (yaxşı mənada) altında keçərmiş. Millətlər mənfi enerjilərini stadionlara boşaltmalıdır.

Teymur Rəcəbovun Levon Aronyanı udmasını və qələbə sevincindən göz yaşlarını saxlaya bilməməsini xalqımız çox yaxşı başa düşür, yüksək qiymətləndirir. Bəlkə, rəqib başqa erməni olsa məsələ bu qədər önəm daşımazdı, Aronyan isə faşist təbiətli birisidir.

Keçən ilin 27 sentyabrında Qarabağda dava başlayanda Aronyan dərhal, elə həmin gün qondarma rejimə dəstək üçün beynəlxalq kampaniyaya start vermiş, hətta “Lazım gəlsə orduya yazılıb Azərbaycana qarşı vuruşaram” açıqlamasıyla intervüsü çıxmışdı. Aronyan daha öncələr qondarma rejimin Xankəndidə keçirdiyi beynəlxalq turnirdə iştirak edib. Onun hansı yuvanın quşu olmasını toyunda, nikah törənində bəy tərəfdən şahidliyi o dönəmin erməni dövlət başçısı, Xocalı canisi Serj Sərkisyanın etməsi də, məncə, çox dəqiq ifadə edir. Hərçənd, Sərkisyanın uğursuz tip olması bu məsələdə də özünü göstərdi – gəlin toydan bir-iki il sonra avtomobil qəzasında öldü.

Aronyan anti-Azərbaycan çağırışlar edəndən sonra bizim tanınmış şahmatçılarımız – Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov və başqaları beynəlxalq şahmat federasiyası FİDE-yə müraciət yazmışdılar. Aronyanın bu addımını pisləmişdilər və erməni təcavüzünün Azərbaycan şahmat məktəbinin görkəmli nümayəndələrinin taleyində buraxdığı ağır izlərdən bəhs etmişdilər. Şəhriyar Məmmədyarovun Zəngilanda, başqa görkəmli şahmatçılarımızdan beynəlxalq qrossmeysterlər, Sərxan və Loğman Quliyev qardaşlarının Qubadlıda doğulduğunu yada salmışdılar.

Mən o mətnə bir cümlə də əlavə etmək istərdim: Quliyev qardaşlarının biri (yanılmıramsa adı Mahir olub) Qubadlı işğal edilərkən, 1993-cü ildə erməni mərmisindən həlak olub. İşğal edilən rayonlarda nə qədər şahmat məktəblərimiz də darmadağın olunmuşdur.

Rəcəbov-Aronyan oyunlarını internetdə canlı izləyirdim və bir tamaşaçının hansısa qızğın məqamda yazdığı şərh heç yadımdan çıxmır: “Harop at, Rəcəbov!” Mən buna ürəkdən güldüm.

Zamin HACI

Xəbər Lenti