
Fransa millisinin debütantı Jan-Filipp Mateta komandadakı ilk oyunları ilə bağlı fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, “Kristal Pelas”ın hücumçusu yığmada uğurlu başlanğıc etdiyini söyləyib.
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla (3:0) matçda debüt edən və üç gün sonra İslandiya (2:2) ilə görüşdə qol vuran 28 yaşlı forvard həmin günləri heç vaxt unutmayacağını deyib:
“Mən həmişə millidə oynayacağıma inanmışam. Klubumda olarkən tez-tez komanda yoldaşlarıma bu barədə deyirdim və bu anın xəyalı ilə yaşayırdım.
Nəhayət, Azərbaycanla matçda arzum gerçək oldu. Düzdür, o oyunda fərqlənmək üçün çox vaxtım olmadı.
Amma İslandiya ilə növbəti qarşılaşmada əsas heyətdə yer aldım, hətta qol da vurdum.
Bunlar kimlər üçünsə inanılmaz sayıla bilər. Amma mən bu anı yaşayacağıma çoxdan inanırdım”.
Fransa millisi qrupda son oyunlarını noyabrın 13-də Ukrayna, 16-da isə Azərbaycan yığmasına qarşı keçirəcək.