Azərbaycanın 21 yaşa qədər futbolçulardan ibarət milli komandası AÇ-2027-nin seçmə mərhələsində növbəti xalını qazandı.
Daha doğrusu, qələbəni son anda əldən verdi.
İkinci hissənin gedişində Şotlandiya seçməsi bir nəfər azlıqda qalandan sonra gənclərimiz daha bir qol vurub hesabı 3:2 xeyrimizə dəyişsə də, qonaqların son saniyələrdə başla fərqlənməsi yekun nəticəni müəyyənləşdirdi.
Oyunun qəhrəmanı Xəyal Əliyev oldu. Aktivinə 2 qol yazdıran “Sabah”ın üzvü həm də rəqibə “qırmızı” qazandırdı. Matçın başa çatmasına dəqiqələr qalmış Rəşad Eyubov passivində “sarı” olan Xəyalı Ağadadaş Salyanski ilə əvəzlədi ki, gələn ay Cəbəllütariqlə səfər qarşılaşmasına tam heyətlə yollana bilsin.
Sonra nə oldu?
Hakim final fitini səsləndirən kimi Xəyal Şotlandiyanın kapitanı ilə haqq-hesab çürütmək üçün ehtiyat oyunçular skamyasından meydanın mərkəzinə doğru şığıdı.
Həmin an Rəşad Eyubov Əliyevin arxaxınca sevimli rus dilində səsləndi:
“Xəyal, lazım deyil! Sarı vərəqən var”.
Kimdir baş məşqçiyə qulaq asan? Xəyal hakimin gözü qarşısında “14 nömrə”yə yaxınlaşıb əl-qol atmaqla növbəti sarı vərəqəni, yekunda “qırmızı”nı qazandı, ardınca da dəhlizdəki qapının lay şüşəsini yumruqlamaqla gərginliyə səbəbkar oldui.
Cavan oğlanın əsl niyyətini bir özü bilir, bir də Allahı. Amma mən sizə cızılmış plana oxşayan hadisəni nəql edim.
Deməli, U-21 qrupda növbəti görüşünü noyabrın 18-də Cəbəllütariqə qarşı keçirəcək. Bildiyimə görə, yığma oyundan bir neçə gün əvvəl İspaniyaya yollanıb, hazırlığı orada keçəcək. İspaniyadan da yaxınlıqdakı Cəbəllütariqə üz tutacaq.
Xəyalın ürəyi əsas millidədir. Özünü üst səviyyədə gördüyü üçün U-21 ona dar gəlir. Şotlandlarla dueldə “qırmızı” almaqla özünü noyabrdakı oyundan azad etmiş oldu.
Belədə, İspaniyadakı təlim-məşq toplanışına aparılmayacaq. Bakıda oturub əsas millinin baş məşqçisi Ayxan Abbasovdan təklif gözləyəcək. Abbasov bu xarakterə sahib futbolçunu yanında görmək istəyəcək, ya yox, bunu zamanın axarına buraxaq. Ən pis halda “qulaqburması” verəcəyinə inanıram.
Görünən odur ki, azərbaycanlı futbolçuların böyük əksəriyyəti futbol oynamaqdan çox şou göstərməyi yaxşı bacarır. Əvvəl də beləydi, bu gün də o şəkildə davam edir.
2 qol vurmaqla özünü qəhrəman sayan, rəqibin üzərinə hücum edib qırmızı vərəqə alan, qapının şüşəsini sındıran futbolçu 21 yaşında bunu edirsə, 30 yaşında nələr edəcəyini bir anlıq təsəvvür edin.
Yeri gəlmişkən, Xəyal etdiyi əməllə “əmlaka ziyan vurmaq” maddəsi ilə məsuliyyətə cəlb oluna bilərdi. Azarkeş oturacağı sındıranda polis şöbəsinə aparıldığı kimi, Əliyev də əməlinə görə cavab verməliydi.
Təəssüf ki, arxasında AFFA boyda “dağ” dayanıb. Şüşəni də assosiasiyanın vəsaiti hesabına düzəldib, 2 qol vuran oğlanın qara qaşına, qara gözünə bağışlayarlar.
HƏBİB / SPORTİNFO.AZ

