
Türkiyə Hava Yollarının (THY) «Qarabağ»la tərəfdaşlıq etmək istəməsi barədə yaydığımız xəbər günlərdir medianın diqqət mərkəzindədir.
2018-2021-ci illərdə «Neftçi»nin forma sponsoru olmuş THY indi də onlarla işbirliyi qurmaq niyyətindədir.
Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bununla bağlı teleqraf-a açıqlama verib:
“Bildiyiniz kimi, komandanın əsas sponsoru “Azərsun Holdinq”dir . Sponsorluq məsələsi hər hansı mənada gündəmdə deyil.
Qaldı ki tərəfdaşlıq məsələsinə, hazırda həm yerli, həm də qlobal şirkətlərlə danışıqlar var. Bu istiqamətdə yekunlaşan proses olarsa, ictimaiyyətə açıqlama veriləcək”.
Ağdam təmsilçisinin Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparması, ilk iki turda qələbə qazanması, bununla Avropaya böyük səs salması THY-nın diqqətini çəkib.
Qarşı tərəf konkret təkliflər paketi ilə Azərbaycanın ən yaxşı klubuna müraciət edib.
Türkiyə Hava Yolları ilk dəfə hələ 3 il öncə “Qarabağ“la əməkdaşlıq təşəbbüsü irəli sürüb. Dövrü mətbuat onda bir neçə xəbərlə gündəmə gəlib.
Yazılanlara görə, THY həmin vaxt Ağdam təmsilçisinə illik 5 milyon dollar təklif eləyib.
Təklifə əsasən, komanda avrokubok oyunlarına üzərinə THY yazılmış formalarla çıxmalı idi. Lakin onda tərəflər arasında anlaşma əldə etmək mümkün olmamışdı.
Aldığımız məlumata görə, THY ilə “Qarabağ“ arasında danışıqlar artıq başlayıb. Onların indiki təklifi əvvəlki ilə müqayisədə daha sərfəlidir.
Söhbət təqribən 10 milyon dollardan gedir. THY “Qarabağ“ın Çempionlar Liqasında keçirəcəyi qarşıdakı 6 ayda onun adı yazılmış formalarla meydana çıxmasını şərt olaraq irəli sürüb.
«Qarabağ» hələlik bu təklifə konkret cavab verməyib. Gözləmə mövqeyindədirlər. Qardaş ölkənin məşhur brendi isə bu prosesin tezliklə yekunlaşmasını istəyir.
Çünki «köhlən atlar»la tərəfdaşlıq etmək niyyətində olan başqa şirkətlərin də sıraya düzülməsindən xəbərdardırlar. Onların arasında istər yerli, istərsə də xarici namizədlər yer alır.
Odur ki, məsələnin bir qədər vaxt alacağı gözlənilir. Güman ki, oktyabrın sonunadək danışıqlar davam edəcək.
«Qarabağ»ın yerli tərəfdaşlardan biriylə anlaşmağa daha çox can atmasını artıq öyrənmişik. Təbii ki, burada maliyyə şərtləri də mühüm rol oynayacaq.
SPORTİNFO.AZ