
8-ci turun maraqlı matçlarından biri Qubada baş tutacaq. "İmişli" burada "Qəbələ"ni qonaq edəcək.
Aran təmsilçisi mövsümdə ikinci məğlubiyyətini (texniki məğlubiyyət nəzərə alınmır) milli fasilədən öncə "Araz Naxçıvan"dan almışdı. Nə az, nə çox 6 turdan sonra. Özü də mövsümdə ilk dəfə qapısında 2 qol görərək.
Psixoloji olaraq bunun altından çıxmaq, toparlanmaq olacaqmı? 12 günlük fasilə Jorje Kaşkilyanın növbəti period üçün güc toplanmasına yetərli olub-olmaması ciddi sual yaradır.
Qarşı tərəfdə də suallar az deyil.
Azarkeşlər Kaxaber Tsxadadzeyə çox səbr etmək fikrində deyil.
Milli tənəffüsdən öncə "Şamaxı"dan doğma divarlar arasında alınan məğlubiyyət bardağı daşırmış oldu.
Gürcüstanlı mütəxəssisin ünvanına istefa şüarları səsləndi.
O da üzünü tribunalara tutaraq səsinin tonunu qaldırdı. Bir sözlə, tərəflər arasında gərginlik pik həddədir.
Əcnəbi çalışdırıcı da narahat vəziyyətdən halidir. Yeganə çıxış yolu qələbədir. Ən pis halda bərabərlik.
Növbəti məğlubiyyət istefa sədalarını istefanın özü ilə əvəz edə bilər.
XANOĞLAN / SPORTİNFO.AZ