
“Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski “Borussiya Dortmund”dan təklif alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, 25 yaşlı qolkiper saytımızın yaydığı məlumatı nə təkzib, nə də təsdiq edib (https://www.sportinfo.az/idman_xeberleri/qarabag/233084.html):
“Mediada bu barədə xəbərlər çıxıb. Amma mən bunun doğru, ya da yanlış olduğunu deyə bilməyəcəm. Təəssüf ki, bu mövzuda danışa bilməyəcəm”.
Mateuş Koxalski 2024-cü ilin yayından “Qarabağ”ın şərəfini qoruyur.
Almaniyalı jurnalistlərin redaksiyamıza bildirdiyinə görə, baş məşqçi Niko Kovaç polşalı kiperi sərəncamında görmək istəməsini rəhbərliyin diqqətinə çatdırıb.
Xorvatiyalı mütəxəssis ötən mövsümdən Azərbaycanda çıxış edən «əlcək sahibi»nin komandalarını gücləndirmək iqtidarında olduğunu bildirib, bu transfer üçün büdcə ayrılmasını tapşırıb.
Balkanlı çalışdırıcı klub idarəçilərinə təqdimatında Koxalskiyə 4 aydır diqqət yetirdiyini, «Qarabağ»ın onun iştirakıyla Çempionlar Liqasında keçirdiyi bütün oyunları izlədiyini qeyd eləyib.
O, 2024-cü ilin yayında «Qarabağ»la 4 illik müqavilə imzalayıb. «Köhlən atlar» 25 yaşlı qapıçıya görə «Stal»a 1 milyon avro təzminat ödəyib.
Polyak bu mövsüm əla performans nümayiş etdirir. Çempionlar Liqasının təsnifat və əsas mərhələsində göstərdiyi sabit çıxışla Ağdam təmsilçisinin uğurlu qrafik cızmasının səbəbkarlarından biridir.