
«Qarabağ» gələn həftə Çempionlar Liqasının əsas mərhələsində üçüncü oyuna çıxacaq.
Bilbaoda «Atletik»in qonağı olacaq çempionumuz. İspaniya səfərinin çətin keçəcəyi birmənalıdır.
İlk iki turda məğlubiyyətlə üzləşmiş «Atletik»in «Qarabağ»ı dörd gözlə gözləməsi bəllidir - Visente Valverdə və onun ulduzlar toplusu başa düşür ki, «Qarabağ»ı məğlub etməsələr, mövsümün ilk yarısını ilk «24-lük» arasında bitirmək şansları əhəmiyyətli dərəcədə azalacaq.
Əlbəttə, iştah diş altındadır və Qurban Qurbanov da bilir ki, hər şey onların öz əlindədir. «Benfika» və «Kopenhagen» üzərində qələbənin davamını gətirmək üçün komandanı ayaqda dik tutmaq, bir də zədələrdən qaçmaq gərəkdir.
«Turan Tovuz»la matç bu mənada «Qarabağ» üçün çox əhəmiyyətli idi. Babat tər axıtdılar.
İlk hissədə əylənmək istədilər. Bunun üçün sadəcə bir qədər hərəkətli tərpənmək lazım idi, etmədilər.
Gəzə-gəzə «Turan»ın qapısına gedib çıxmaq mümkün olmadı. Və dəqiqələrin birində qapılarında penalti gördülər.
Yerə dəyib qalxan top Kadi Borgesin açıq vəziyyətdə olan qolunu «tapınca», Elçin Məsiyev VAR kamerasına tərəf qaçdı və Samir Abasovun təbirincə desək, oradan bir «penalti çıxartdı».
Elçinə gülməyək! Epizod «Qarabağ»ın cərimə meydançası daxilində baş verdi deyə, o, «onbir metr»əni göstərdi.
Məsiyev bəlkə də iki-üç azərbaycanlıdan biridir ki, «Qarabağ»a antipatiya bəsləyir. Onlara nə verib, nə ala bilmir, bir bilsəydik…
Qurban Qurbanovun «Turan Tovuz» rəhbərliyinə özəl münasibəti var və arada illərə söykənən tanışlıq olmasaydı, o, hakimlikdən danışardı. Onlara görə Elçin Məsiyevin «ədalət»inin üstündən sükutla keçdi.
Həm də ona nə lazımdır, komandası ikinci hissədə sürəti artırdı, təzyiq dalğasını şaxələndirdi və iki qol vurub oyunu çevirdi.
Başqa bir tərəfdən, Marko Yankoviç meydana ayaq basdı. Üç həftəyə yaxın zədədən əziyyət çəkmiş monteneqrolu yarımmüdafiəçinin dönüşünün bir qədər tezləşməsi baş məşqçinin hər şeydən daha çox xoş etdi.
MUSA