.jpg)
“Amputant Futbolu üzrə Millətlər Liqasının “C” qrupu oyunlarının Azərbaycanda keçirilməsindən qürur duyuruq”.
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov açılış mərasimində deyib.
V.Süleymanov bildirib ki, bu gün beynəlxalq idman aləmində qlobal trendlərdən birinə çevrilmiş Amputant futbolunun böyük əhəmiyyəti var:
“Bu oyunlar əlilliyi olan şəxslərin cəmiyyətə reinteqrasiyası, o cümlədən onların idman vasitəsilə həyata bağlılığının artırılması istiqamətində olduqca vacib və çox mühüm tədbirlərdən biridir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi olaraq amputant futbolunun inkişaf etdirilməsi, minadan zərərçəkənlərə dəstəyin göstərilməsi, həmçinin idmanın təhlükəsizlik tədbirləri vasitəsilə mina təhlükəsinə dair maarifləndirmə işlərinin aparılması sahəsində xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Amputant Milli komandası cəmi bir il ərzində bir sıra uğurlara imza atmış, bu müddət ərzində milli komandamızın üzvlərinin 18 nəfəri Vətən müharibəsi zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən müxtəlif xəsarətlər almış, nəticədə əlil olmuş Azərbaycanlı vətəndaşlardır”.
ANAMA rəhbəri əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə 1.5 milyondan çox mina basdırılıb.
Davamlı şəkildə aparılan təmizləmə və maarifləndirmə tədbirlərinə baxmayaraq, Vətən müharibəsindən bu günədək 409 nəfər vətəndaşımız baş vermiş mina insidentləri nəticəsində həlak olub, minlərlə insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.