Sənan Qurbanovdan heç-heçə şərhi

25 Sentyabr 2021 19:30 Şamaxı 633
Sənan Qurbanovdan heç-heçə şərhi

"Ardıcıl məğlubiyyətlər bizə çox pis təsir edirdi. Çətin də olsa, bu vəziyyətdən çıxmağa nail olduq".

Sportinfo.az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, Ağdam klubu kimi rəqiblə matçda qazanılan 1 xal önəmlidir: "Oyunçular qorxmadılar, xarakter göstərdilər. Sonadək inandılar, mübarizə apardılar. Onları təbrik edirəm. "Qarabağ" topla oynamağı sevir. Ona görə də oyunadək bütün məşqlərdə yalnız müdafiənin üzərində çalışmışdıq".

Qurbanovun sözlərinə görə, qırmızı vərəqə alması baş hakimin qərarı ilə razılaşmamağı ilə bağlı idi: "Matçı kənardan izləmək çətindir. Uduzmaq istəmirdik. Bu, bizim inkişafımız üçün önəmlidir. Komandamızın meydanda yatdığını deməzdim. Sonadək oyundan qopmadılar".

Baş məşqçi bu həftə ərzində gərginliyi tamamilə aradan qaldırdıqlarını söyləyib: "Məşqlərdə ancaq deyib-gülmüşük. İstər-istəməz emosional olursan. Bu gün futbolçuların meydanda futboldan, rəqibdən həzz almasını istədim".

"Qarabağ"la matçda bərabərlik qolunu vuran Aldair Netonun ötən tur özünə yaraşmayan səhv etdiyini xatırladan Qurbanov onunla ciddi söhbət etdiyini deyib: "Biz oyunçuların inkişafını istəyirik. Onların uşaq səhvləri etməsinə qarşıyıq. Biz onları meydanda daha yaxşı görmək arzusundayıq. Çünki səhvlər komandaya mənfi təsir edir. Bəzən fikirlərimi onlara aqressiv şəkildə çatdırıram. Futbol belədir. Bu cür hallar bizim üçün böyük təcrübədir. Neto bu gün də arxaya doğru təhlükəli gediş etdi. Bəlkə də psixoloji gərginliklə bağlıdır. Qol vurması özü üçün də yaxşıdır. Daha əvvəl Boyoviçə əsəbi idim. Ona dedim ki, sən təcrübəli futbolçusan, belə məsuliyyətsizlik etməyə haqqın yoxdur".

Qurbanov qazanılan 1 xalın komandası üçün vacib olduğunu vurğulayıb: "Bu, komandaya təkan olmalıdır. Hər baş məşqçiyə zaman lazımdır. Həftəlik proqramla işimizi davam etdiririk. Bu xal bizə pozitivlik gətirəcək".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"