Gəncə şəhər stadionunda aparılan təmir işləri ilə əlaqədar “Kəpəz” rəqibini doğma şəhərdə qəbul edə bilməyəcək.
Klub rəhbərliyi ilə Peşəkar Futbol Liqası arasındakı danışıqların və müzakirələrin nəticəsi olaraq “Turan Tovuz”la görüşün Qəbələdə keçirilməsinə dair qərar qəbul edilib.
Bundan ən çox narahatlıq keçirən gəncəli azarkeşlər idi. Prinsipial oyunda sevimli komandalarını doğma Gəncədə görmək istəyən futbolsevərlər arzusuna çata bilməyincə, buna müxtəlif yollarla etiraz edirdi.
Artıq bu baxımdan problem yoxdur. Klub rəhbərliyi fanatların narahatlığını nəzərə alaraq onlar üçün avtobus ayırıb. “Kəpəz”in sosial şəbəkə hesablarında Gəncədən Qəbələyə getmək istəyən azarkeşlərin sayı soruşulub ki, klub rəsmiləri saya uyğun nəqliyyat vasitəsi ayıracaq.
Rəhbərliyin diqqəti fanatlarda əsl bayram havası yaradıb. Hər halda, yazılan şərhlərdən bunu görmək mümkündür:
“Hər kəs Qəbələyə getməlidir. Gedib dəstək olmalıyıq”.
“2 maşın da biz gəlirik. 10 nəfərlə”.
“Bax, bu, başqa məsələ. Təqdirə layiq qərardır. Təşəkkürlər”.
“Mən də getmək istəyirəm. İndiki məqamda komandaya dəstək lazımdır. Gəncə futbol məktəbidir, inşallah, komanda əvvəlki günlərini qaytaracaq”.
“Heyf gedə bilmirəm. İşlə bağlı vaxtım yoxdur. Kimin imkanı varsa, gedib dəstək olsun. Bu dəqiqə “Kəpəz”ə dəstək lazımdır”.
“Hamı bir nəfər kimi Qəbələyə getməlidir!”
“Bakıdan da avtobos təşkil etsəz, əla olar”.
“Avtobus hardan çıxacaq və saat neçədə? Mən də gələcəm”.
“Bu, əla oldu. İki nəfər də biz gedəcəyik”.
Bu gün Premyer Liqanın 30-cu turu çərçivəsində baş tutacaq “Kəpəz” – “Turan Tovuz” qarşılaşması saat 16:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

