Nəhayət, «Kəpəz» 12-ci turda turnir cədvəlinin son pilləsi ilə vidalaşdı.
İkinci dövrənin ilk matçında «Karvan»ı udub, yerdəyişmə etdilər.
«Karvan» doğma Yevlaxda «zirzəmi»yə yuvarlanmağın üzüntüsünü yaşadı.
2:1-lik qələbə «Kəpəz»dən ötrü hava və su qədər vacib idi. Bu dəfə də uduzsaydılar, Azər Bağırov ağ kəfən geyinib rəhbərliyinin qarşısına çıxsaydı belə, onunla başqa cür danışacaqdılar.
«Nə oldu, bəs…» fason söhbət gedəcəkdi onunla.
«Kəpəz» bu qələbəni komanda olaraq qazandı. Doğrudur, komanda olaraq hamı bir nəfər kimi yaxşı təsir bağışlamadı, əksər mövqelərdə boşluqlar göründü, zəifliklər hiss olundu, ancaq kim nəyi bacardı, yaxşı nəticə üçün vuruşdu.
Yusif İmanov debütündə 3 xala sevinsə də, özünəinamlı deyildi. Bir sıra epizodlarda səhvlərə yol verdi.
Kosovada keçirdiyi 3 ayda oyun praktikası qazana bilməməsi Yevlaxda «Kəpəz»ə həyacanlı anlar yaşatdı.
Azər Bağırov qardaşı Araz Bağırova təşəkkür etsin ki, Rauf Hüseynlini geri qayıtmağa razı sala bildi.
Adını çəkdiyimiz yarımmüdafiəçi əla oyun keçirdi: komandasına penalti qazandırdı və Yusifin əlindən buraxdığı topu qapı xəttinin üzərindən uzaqlaşdırdı.
Azər Bağırovun ikinci dəfə «Kəpəz»də çalışmağa başlamasına vəsilə olmuş Dioqo Verdaşkanın yol verdiyi mövqe səhvlərini Rauf düzəltdi, ümumiyyətlə, çox faydalı iş gördü.
MUSA

