Bir aydan artıqdır k, «Kəpəz» dərin, dibigörünməz düşüş içindədir.
Martın 20-sindən sonra sifətləri gülmür, üzlərindəki qırış açılmır. Hamı qəm-qüssə içindədir.
Bu, Azər Bağırovun komandaya nəzarət ipini əlindən verməsinə görədir.
Baş məşqçinin digər klublarla gizli danışıqlar aparmasını eşidən, məşqə gec və həvəssiz çıxmasını görən futbolçu istədiyini edir.
Bağırovun niyyəti həqiqətən Gəncədə qalmaq olsaydı, dörd turluq məğlubiyyət seriyası qeydə alınmazdı.
Fikri başqa yerdədir və bunu bilən, hiss edən oyunçu da «mənə nə düşüb ki, meydanda canımı qoyum» vecsizliyinə yoluxub.
Qalan hər şey yerindədir: pul-para, şərait, yemək-içmək.
Və ən əsası, rəhbər şəxslər heç yerə getməyib, işinin başındadır. Deməli, problem haradadırsa, aşağılardadır - baş məşqçi ilə futbolçular arasında.
Azər Bağırov yaxşı mütəxəssisdir, bacarıqlıdır, savadlıdır, bircə qarınını qabağa verib, beynini artıq-urtuq şeylərlə doldurmaya.
Sərəncamındakılarla əla münasibət qurmağın yollarını bilir - nə vaxt başı digər işlərə qarışır, ora-bura «əlcək» atır, həmişə mövsümün axırını pis gətirir.
İnişil «Araz-Naxçıvan»da da belə oldu, keçən il «Kəpəz»də də.
Lazımsız və yersiz söz-söhbətlərlə həm özünü çox yorur, həm çalışdığı funksionerləri, həm də gündəlik iş həyatında çiyin-çiyinə çalışdıqlarını.
ELNUR

