“Özümü kiməsə göstərmək niyyətim yoxdur, baxanlar görürlər”

25 Aprel 20:40 Kəpəz 566
“Özümü kiməsə göstərmək niyyətim yoxdur, baxanlar görürlər”

“Kəpəz”in yarımmüdafiəçisi Şakir Seyidov Sportinfo.az-a danışıb.

- Son turda “Sabah”a 1:2 hesabıyla məğlub olmaqla həm Premyer Liqada qalmağı rəsmiləşdirmək, həm də 8-ci pilləyə yüksəlmək şansını əldən verdiz. Səbəb nə oldu?

- Oyuna istədiyimiz kimi başlamadıq. Diqqətsizlikdən 2 qol buraxdıq. Bilirdik ki, topu müdafiənin arxasına atırlar. Buna rəğmən səhvlərə yol verdik. Sonra toparlanıb hesab arasındakı fərqi azaltdıq. Qalib gələcəyimiz təqdirdə Premyer Liqa məsələsini həll etmiş olacaqdıq. Qismət olmadı. Səhvlərdən nəticə çıxarıb növbəti oyunlara hazırlaşacağıq.

- Bəlkə qələbəyə hədsiz istəkli olmağınız sizi “yandırdı”.

- Deməzdim. Əksinə, sakit idik. Rəqibin səhvlərindən yararlanmaq istəyirdik. Tələskənlik sona yaxın idi ki, bu da anlaşılandır. Bərabərlik qolunu vurmağa çalışırdıq.

- “Kəpəz”in elitadakı yerini qoruduğunu demək olar? Yoxsa aprelin 28-də “Qəbələ”ylə qarşılaşma vəziyyəti dəyişə bilər?

- Çempionatın başa çatmasına 5 tur qalıb, “Qəbələ”ylə aramızda 14 xal fərq var. Amma qətiyyən rahatlaşmaq olmaz. Çünki hər an nəsə dəyişə bilər. İnşallah, “Qəbələ”ylə oyunda qələbə qazanıb bütün suallara nöqtə qoyarıq.

- Müqavilə ilə “Sabah”a məxsussan və bu gün həmin komandaya qarşı oynadın. Bu matçın xüsusi önəmi var, yoxsa sıradan oyundur?

- Hansı komandada oynayıramsa, həmin komanda üçün meydanda canımı verməyə hazıram. Özümü kiməsə göstərmək niyyətim yoxdur. Başımı aşağı salıb futbolumu oynayıram. Yəqin ki, kənardan baxanlar da necə çıxış etdiyimi görürlər.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti