"Qonşularımız səs-küyə gəldi, elə biliblər ki, evdə nəsə problem olub"

1 Aprel 03:20 Kəpəz 580
"Qonşularımız səs-küyə gəldi, elə biliblər ki, evdə nəsə problem olub"

"Oyunçularımız və azarkeşlərimiz qəhrəmandırlar".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Kəpəz"in gürcüstanlı legioneri Mate Kvirkviya ölkəsinin milli komandasının AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanması ilə bağlı danışarkən deyib.

27 yaşlı yarımmüdafiəçi Gürcüstan millisinin tarixi zəfərini şərh edib:

"İlk olaraq eşitdiyim bütün xoş sözlərə görə azərbaycanlı azarkeşlərə təşəkkürümü bildirirəm. Bəli, biz möhtəşəm qələbə qazandıq.

Hisslərimi ifadə etmək mənim üçün çətindir. Yeni Gürcüstanın yeni tarixi yazıldı.

Bütün ölkə sevinir, bayram edir. Küçələrdə bu təmtərağı, şənliyi görmək əvəzolunmazdır. Çoxdandır ki, bu günü gözləyirdik. Nəhayət, biz bura gəlib çatdıq".

Kvirkviya "qələbəni kiminlə qeyd etmisiniz" sualını cavablandırıb:

"Təbii ki, komanda yoldaşım və dostum Georgi Papunaşvili ilə bütün gecəni bu tarixi zəfəri bayram etmişik.

Sonda qonşularımız səs-küyə gəldilər. Onlar elə biliblər ki, evdə nəsə problem olub. (gülür)".

AVRO-2024-ün pley-off raundunun final oyununda Yunanıstana penaltilər seriyasında qalib gələn (4:2) Gürcüstan millisi tarixində ilk dəfə final mərhələsinə vəsiqə qazanıb.

Komanda qitə çempionatında Portuqaliya, Çexiya və Türkiyə ilə eyni qrupda mübarizə aparacaq. Turnir 14 iyun – 14 iyul aralığında Almaniyada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti