Futbolçu yoxa çıxıb, klub susur – MÜAMMA

18 Mart 20:00 Kəpəz 1 115
Futbolçu yoxa çıxıb, klub susur – MÜAMMA

“Kəpəz”in legioner qapıçısı Vladislav Vasilyuçek xeyli vaxtdır qeybə çəkilib.

Yayda komandaya cəlb olunan, Premyer Liqanın ilk 6 turunda meydanda olan belaruslu qolkiper portuqaliyalı həmkarı İqor Rodrigesin gəlişindən sonra ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilmişdi.

Qış fasiləsinə qədər adı “23-lüy”ə salınırdı. Oynamasa belə, əsas komanda ilə birlikdə olurdu.

Yanvardakı toplanış zamanı Adil Şükürovun göstərişi ilə əvəzedici komandaya göndərilsə də, orada da şans qazanmırdı. Amma adı iştirak ərizəsinə salınırdı.

Lakin son 1 ayda Vasilyuçekin adına nə əsas, nə də əvəzedici komandada rast gəlirik. Deyilənə görə, Azərbaycanı tərk edərək ölkəsinə yollanıb.

Futbolçunun klubla mövsümün sonuna qədər müqaviləsi varsa və adam düşərgədə deyilsə, üstəlik, ölkəni tərk edibsə, “Kəpəz” bununla bağlı ictimaiyyətə rəsmi məlumat verməlidir.

Əcnəbi futbolçunun klubla hansı məsələdə ortaq məxrəcə gəlməməsi, klub və komandanı özbaşına tərk etməsi, yaxud icazə ilə ayrılması, hadisələrin indiki və sonrakı axarı bildirilməlidir. Peşəkar klublarda məsələ bu cür tənzimlənir.

“Kəpəz” isə bir çox məsələlərdə olduğu kimi, yenə susur. Niyə? Hansı səbəbdən? Bəlkə Vladislavın başına xoşagəlməz hadisə gəlib, bəyan etmək istəmirlər?

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!