Kluba sponsor gəlir, bəs sədr nədən narahatdır?

14 Mart 23:00 Kəpəz 1 048
Kluba sponsor gəlir, bəs sədr nədən narahatdır?

İşlər qaydasında getsə və tərəflər ortaq məxrəcə gəlməyi bacarsalar, “Kəpəz” növbəti mövsümdən maliyyə sıxıntısı yaşamayacaq.

Bunun reallaşması üçün “F-Holding” adlı dünya miqyaslı şirkət yaradılan şərait və imkanlarla tanış olmalı, hər iki tərəf şərtlərini bildirməli, ən əsası, klubun indiki rəhbərliyi izdivaca maraq göstərməlidir.

Ancaq görünən budur ki, “Kəpəz”də hazırda söz sahibi olan İlqar Nadiri sponsorluq əməkdaşlığının həyata keçməsinə xüsusi həvəslə yanaşmır.

Fakt 1 – “F-Holding”in idman məsələləri üzrə direktoru Zamin Əsədullayev mətbuata müsahibəsində şirkətin qərb təmsilçisinə himayədarlıq etməsində maraqlı olduğunu bildirib.

Zamin bəy Gəncədən adlı-sanlı futbolçuların çıxdığını, şəhərin azarkeş ordusunun olduğunu, komandanı əvvəlki günlərinə qaytarmaq həvəsinə düşdüklərini bildirərək, qarşıdakı günlərdə müzakirələrin qaldığı yerdən davam edəcəyini deyib.

Müsahibə ilə tanış olan İlqar Nadiri mətbuat vasitəsi ilə həmin müsahibəyə qəribə reaksiya verib:

“Bu açıqlamalar çox absurddur. Ən azından müəyyən razılıq olunmalıdır ki, istənilən açıqlamanı verə biləsən. Sponsor tərəfinin bu cür açıqlaması kluba qarşı hörmətsizlikdir”.

Sponsorluqda maraqlı olan şirkətin nümayəndəsinin plan və arzular barədə danışması nə vaxtdan hörmətsizlik hesab olunub? Mediaya bu barədə xəbər sızıb, o da jurnalistin zənginə cavab verərək niyyətləri barədə söz açıb. Nədir burada absurd olan? Nədir sizi narahat edən? Hər adam saman altdan su yeritməkdə maraqlı ola bilməz ki. Kimsə işini altdan görürsə, bu, öz problemidir. Əsədullayev olanı danışıb, niyyətlərindən söz açıb.

Fakt 2 – “F-Holding”in nümayəndələri “Kəpəz” – “Neftçi” oyunun ertəsi – martın 10-da Gəncəyə səfər edərək stadion və akademiya ilə yerində tanış olmaq qərarına gəlib. Bu barədə klub rəhbərliyi də məlumatlandırılıb. Holdinqin rəhbər şəxsləri Futbolun İnkişaf Fondunun əsas adamı Tural Piriyevlə birlikdə Gəncə şəhər stadionuna daxil olanda, qonaqları əsas komandanın baş məşqçisi Adil Şükürov qarşılayıb. Nə İlqar Nadiri orada olub, nə də akademiyaya cavabdeh Cabir İbrahimov.

Hə, budur sponsor gəlib, qapınızdadır. Adamlar pul xərcləməkdə maraqlı olduqlarının anonsunu açıq-aşkar verirlər. Başqa nə etməlidirlər?

Siz verilən müsahibəni hörmətsizlik adlandırıb, qonaqların stadionla tanışlığı zamanı həftənin bazar, yəni istirahət günü olduğunu əsas gətirib önə düşmürsünüzsə, deməli, nədənsə narahatsınız.

Və bu yollarla sanki potensial sponsor şirkətin nümayəndələrinə sifət edirsiniz ki, gedin, pulunuzu başqa yerə xərcləyin, “Kəpəz”in pula ehtiyacı yoxdur.

Adamın ağlına başqa ehtimal gəlmir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"