Bəy, 12 oldu ey!
«Kəpəz»lə «Qəbələ» arasında fərq artıq buqədərdir.
Mövsümün finiş xəttinə 10 tur qalıb və turnir cədvəlinin son iki sırasında yerdəyişmənin olması az inandırıcıdır.
Biri elə bəndəniz. Görürəm ki, «Qəbələ» enişdə, «Kəpəz» yüksəlişdədir.
Mən necə deyim ki, möcüzəyə hazır olun, son 10 həftədə qeyri-adi hadisələr baş verəcək. Bu, olmayacaq, gedin, başınızı balınca qoyub rahat yatın.
«Kəpəz» autsayderlərə xas futbol sərgiləmir. İddialılardan geri qalmırlar. «Neftçi»yə bir-birindən gözəl 3 qol vurdular.
Junior Martinsin hər iki qolu ayın ən yaxşısı seçilməyə layiqdir.
Çempionatın təşkilatçısı deyiləm, braziliyalı hücumçunun hər qoluna1000 manat yox, 10000 manat verərdim.
Yeri gəlmişkən, bildiyimə görə, Juniorun aylıq məvacibi bu məbləğdən qat-qat aşağıdır.
«Kəpəz» praqmatik yanaşmanı qəbul eləmir. Çox cəsarətlidirlər. Rəqibin adından, iddiasından çəkinmirlər.
Ayrı-ayrılıqda yaxşı futbolçuları azdır, fəqət, «Kəpəz» komanda olmağı bilib.
Azər Məmmədov sükan arxasından uzaqlaşdırılmasaydı, «Kəpəz» bir neçə ay içində bu qədər dəyişməyəcəkdi, inkişaf etməyəcəkdi.
İlqar Nadiri indiki komandanın memarıdır. O, vaxtında qəti addım atmaqla, «Kəpəz»i yeni görkəmdə futbol elitasına təqdim etdi.
ELXAN

