Komandadakılar sevinir, azarkeşlər sevincdən göyün yeddinci qatındadır, mətbuat da bir ucdan tirajlayır.
Bayram bayrama qarışıb, ağız deyəni qulaq eşitmir. “Kəpəz”ə avtobus alınıb.
- Nə avtobus, lələ?
- Komandanı ora-bura aparmaq üçün dana.
- “Kəpəz”in avtobusu yox idimi?
- Ayə, yox. O vaxtdan “arendovat” eliyirdilər. Təzə alıflar.
- Kim alıf, sən İmamzadə?
- İlqar Nadirinin dostlarıynan AFFA-nın pul yığanları – FİF-di-nədi onlar. Atışıflar konkret.
- Sən öl bomba kimidir. Avtobus var, akademiya hazırdır, stadion tikilir. Komanda da çempionatda qalsa, vəssalam dana. Gələn il dağıdajıyıx.
İki gəncəli arasındakı xəyali söhbəti eşitmək adamı həm qürurlandırır, həm də iki əllə üzünü tutmağa vadar edir.
Sevinirsən ona görə ki, “Kəpəz” kimi köklü, yüzminlərin sevimli komandası bundan sonra öz loqosunu daşıyan avtobusla hərəkət edəcək.
Hansısa ərazidən keçəndə biləcəklər ki, “Kəpəz” yaşayır, Premyer Liqada mübarizə aparır.
Həm də ona görə sevinirsən ki, çəkilən əziyyət bəhrəsini verməkdədir. “Sarı-göylər” get-gedə əvvəlki vaxtlarını xatırlatmağa doğru inamla irəliləyir.
Üzücü məqam zəngin tarixə malik, 2022-ci ilin yayında Premyer Liqaya buraxılan komandanın az qala 2 ildən sonra avtobusuna qovuşmasıdır.
Elitada mübarizə aparan komandaya nəqliyyat vasitəsi alınır və bu xəbər mətbuatda, sosial şəbəkələrdə, kafe-restoranlarda bayram ab-havası ilə təqdim olunur.
Camaatın klublarının dayanacağında 5-10 avtobus “yatır”, “Kəpəz”ə 2024-cü ildə avtobus alınır.
Klub rəhbərliyi 8 Martı, “Novruz”u, Ramazan bayramını qabaqlayaraq martın ilk gününü tarixə avtobus bayramı kimi yazdırmağı bacardı. Hər bir halda alqışlayır, bol-bol qələbələr arzulayır, elitadakı yerini qorumağı diləyirəm.
Avtobusun mübarək, "ağəli"!
HƏBİB / SPORTİNFO.AZ

