İki legionerin sözü çəp gəldi, baş məşqçi mübahisəyə qoşuldu, ayrı-seçkilik etdi

29 Fevral 13:20 Kəpəz 973
İki legionerin sözü çəp gəldi, baş məşqçi mübahisəyə qoşuldu, ayrı-seçkilik etdi

Adama Niane «Kəpəz»in əsas komandasından uzaqlaşdırılıb.

Malili hücumçu qeyri-müəyyən müddətə əvəzedici heyətə göndərilib.

Buna səbəb afrikalı legionerin məşqdə etdiyi hərəkətdir. Belə ki, Niane hazırlıq prosesi zamanı Junior Martinslə mübahisə edib.

Tərəflər arasında söz-söhbət dava-dalaş həddinə çatıb. Baş məşqçi Adil Şükürov hadisəyə günahkar kimi Nianeni göstərib və cərimələnməsi üçün rəhbərliyə raport verib.

Niyə bir tək o? Çalışdırıcı nədən ayrı-seçkilik salıb?

Əgər iki futbolçu da bu insidentdə yer alıbsa, birinə cəza, digərinə tumar hansı məqsəd daşıyır?

Juniorun cəzadan yayınması əsas heyət üzvü olmasıdır. Şükürov braziliyalı yarımmüdafiəçinin komanda daxilində avtoritetindən çəkinib.

Qorxub ki, onu da «dubl»a göndərsə, bu qərarın altından qalxa bilməz, üzünə qayıdar. Mövsümün gedişində Azər Məmmədovu əvəzləmiş həmkarını bu dəqiqə nəticədən başqa heç nə düşündürmür.

Hətta ədalət hissi də. Fərqinə varmır ki, etdiyi yanlışı kollektivdə hər kəs görür və anlayır.

Şükürov bugünlə yaşayır və fikirləşmir ki, sabah analoji hadisə təkrarlansa, atacağı istənlən addım birmənalı qarşılanmayacaq.

Doğrusu, o, 30 yaşlı forvardı 2 aydır «qaralayıb». Mali yığmasının sabiq üzvünü hələ qış fasiləsində düşərgədən göndərmək istəyirdi.

Niane müqavilə müddətini əsas gətirərək, Gəncə təmsilçisi ilə anlaşmaya qarşılıqlı razılıq formasında xitam verməkdən imtina edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti