Ağlamalı gündə olan Azərbaycan klubundan agah olun

28 Fevral 23:00 Kəpəz 1 905
Ağlamalı gündə olan Azərbaycan klubundan agah olun

"Kəpəz"in gününə ağlamağa bundan böyük səbəb?

Komanda Gəncə şəhər stadionunun təmirə bağlanması üzündən doğma şəhərdə ev oyunlarını keçirə bilmir.

Mövsümün birinci yarısını Tovuz şəhər stadionuna pənah aparmışdılar. Amma ötən ilin sonu güclü külək səbəbindən arenanın işıq dirəyi aşmışdı. Belədə axşam saatlarında oyun keçirmək mümkün olmadı. Günün işıqlı saatlarında isə yer məhdud idi. Belədə komanda yeni ildən qonşu rayonu Qəbələyə dəyişməli oldu.

Burada isə işlər pis getmirdi. Uğurlu oyunlar sonrası sonuncu pillədən bir xeyli aralanmaq mümkün olub.

Amma Kaxaber Tsxadadzenin gəlişindən sonra "Kəpəz" qonaq getdiyi Qəbələdən də göndərildi.

İndi klub rəhbərliyi çıxılmaz vəziyyətdə qalıb.

Bakıda oynamağa yer tapılmır - stadion qıtlığı var.

Tovuz şəhər stadionunda isə yalnız "Neftçi" ilə növbəti ev oyununu keçirməyə icazə verilib. Bu da səbəbsiz deyil. Arenada işıq dirəkləri hələ də tam hazır deyil.

Adil Şükürovun kollektivi "Qarabağ"la ev oyununu Tofiq Bəhramovda keçirəcək. Yəni "Qarabağ"ın evində onları "qonaq" edəcək.

Sonrası da naməlum olaraq qalır. Digər ev oyunlarının harada keçiriləcəyi bilinmir.

Və bu şərtlər altında bölgə klubu liqada qalmağa çalışır. Şansı da böyükdür.

Hərənin bir səbəbi və ya bəhanəsi ola bilər. Amma fakt odur ki, ölkədə Gəncə kimi şəhərin futbol klubuna arena tapılmır.

"Kəpəz" kimi tarixi olan klub belə münasibəti haqq etmir.

Amma komandada rəhbərdən ən siravi işçiyə kimi hamı qəhrəmandır. Bu şərtlər altında pes etmədikləri üçün. Sona kimi döyüşmək yolunu seçdikləri üçün.

Son nəticədən asılı olmayaraq da ən xoş sözləri indidən haqq edirlər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti