"Kəpəz"in oynadığı futbol alqış qazanır, bəs xal(lar) necə olacaq?

20 Fevral 17:00 Kəpəz 463
"Kəpəz"in oynadığı futbol alqış qazanır, bəs xal(lar) necə olacaq?

“Kəpəz” yenə hesabda öndə olduğu matçda məğlubiyyətə üzüldü.

Bu dəfə Gəncə təmsilçisi Masazırda 1:0 önə çıxdığı qarşılaşmada sonradan 1:3 geri düşdü.

Sona yaxın Amil Yunanovun “Sabah”ın qapısından keçirdiyi qol da komandasını məğlubiyyətdən xilas etmədi.

Maraqlıdır ki, qış fasiləsindən sonra Adil Şükürovun baş məşqçisi olduğu kollektiv üçüncü dəfədir eyni senari ilə məğlubiyətə düçar olur.

Daha əvvəl “Qarabağ” və “Səbail”lə matçlarda da bölgə klubu hesabda önə çıxmış, amma sonda meydandan xalsız ayrılmalı olmuşdu.

İnsafən hər 3 görüşdə də “Kəpəz” təsadüfən yox, məhz oyunun rənginə uyğun olaraq hesabı açan tərəf olub.

Bəs nə mane olur ki, dəqiqələr ötdükcə Qərb təmsilçisi həm meydandakı üstünlüyü əldən verir, həm də tablodakı.

Ağıla ilk gələn fiziki və texniki hazırlığın, bacarığın aşağı olmasıdır.

Şükürov hətta lider “Qarabağ”la matçda belə qapanan müdafiə ilə çıxış etmək yolunu seçməyib.

“Qarabağ” imkan verdiyi müddətcə onun komandası açıq futbola meyil salırdı.

Elə “Səbail” və “Sabah”la görüşlərdə də oxşar tendensiya davam edib. Buna görə çalışdırıcını alqışlamaq olar. Qısa müddətdə bəlli sistem qurub, qorxaq futbolu yaxın buraxmır. Amma bəzi reallıqlarla barışmamaq əldə deyil.

Axı özündən böyük büdcəyə, sanballı heyətə sahib rəqiblərlə başa-baş mübarizə aparmaq elə də asan məsələ deyil.

Hə, 15 dəqiqə üstün ola bilərsən. Lap 45 dəqiqə yüksək tempə, açıq futbola dirəniş göstərmək olar. Amma 90 dəqiqə bunu etmək müşkül məsələdir.

Görünən odur ki, Şükürov futbolçularından bunu tələb edir. Deməli, komandanın real gücü 90 dəqiqə üçün düzgün bölüşdürülmür.

Hə, tamaşaçı üçün çox xoş mənzərədir. Yerdə uzanan, zaman aparan, müdafiədə “yatan” komandanı heç kim istəmir.

Lakin mövsümün sonu Premyer Liqanı tərk edəcək klubun adını zövqlər yox, turnir cədvəli müəyyən edəcək.

“Kəpəz” hazırda ən yaxın izləyicisi olan “Qəbələ”ni 5 xal qabaqlayır. Bu isə elə də ciddi fərq deyil.

Məncə, Adil bəy daha çox nəticəyə hesablanan futbol oynatsa, az zərərlə oyunlardan ayrıla bilər. Kim bilir, bəlkə də oxşar senari ilə məğlub olduqları matçlarda bir qədər fərqli oyun metodu seçilsəydi meydandandan xal və ya xallarla ayrıla bilmişdilər.

Bu gün “Kəpəz” üçün 1 xalın dəyəri qızıla bərabərdir. Sonda çox axtara bilərlər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti