Dəqiqəbaşı ağlayan klub rəhbəri - Utanmasan, danışmağa nə var ki?!

14 Fevral 10:40 Kəpəz 1 352
Dəqiqəbaşı ağlayan klub rəhbəri - Utanmasan, danışmağa nə var ki?!

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz” 22-ci tur çərçivəsində keçirilən “Səbail”lə oyuna pis başlamadı.

29-cu dəqiqədə təşkil etdikləri gözəl kombinasiya Junior Martinsin dəqiq zərbəsi ilə yekunlaşdı.

Adil Şükürov baş məşqçi postuna təyinat alandan sonra qərblilərin oyununda irəliləyiş nəzərə çarpır.

Komanda daha şən, baxımlı oyun göstərməyə çalışır. Amma nominal ev sahiblərinin “Səbail”lə matçda gücü sonadək yetmədi. Qələbəni əldən vermək o yana qalsın, “dənizçilər”ə böyük hesabla məğlub oldular – 1:4.

“Kəpəz”ə hansı yolla gəlib çıxdığı hələ də bəlli olmayan İlqar Nadirinin sədri olduğu komandanın oyunundan uzun-uzadı yazmaq niyyətində deyilik.

Diqqətimizi cəlb edən “Kəpəz”in görüşdən sonra verdiyi bəyanatdır. Gəncə klubu iddia edir ki, məğlubiyyətin səbəbkarı Nicat İsmayıllının briqadasıdır.

Son vaxtlar hakimlərin yetərincə səhvlərə yol verməsini nəzərə alsaq, ilk baxışdan bu məsələyə təəccüblənməməliyik.

Lakin “Kəpəz”in təqdim etdiyi epizodlara baxanda “yüz dəfə imama ağlayanda, bir kərə də Yezidə ağlayasan” məsəli yada düşür.

Videoda topun Rüfət Abdullazadənin belinə dəydiyi görünür. Hətta o cür vəziyyətdə top ələ dəysə belə, buna görə penalti təyin etmək ağ olar.

Gəncə klubu isə buna görə penalti istəyir. Ayıbdır, vallah ayıbdır! Bir fağır hakimlər tapmısız, sağdan da döşəyirsiz, soldan da.

Daha bu qədər də olmaz axı. Digər epozoda gəlincə, cərimə meydançasında ikili mübarizə gedir.

Standart vəziyyətlər zamanı dəfələrlə belə mübarizələrin şahidi oluruq. Nik Bardea ilə Amil Yunanov arasındakı mübarizə də onlardan biridir.

Buna görə cərimə zərbəsi təyin etmək...

Mövsümün sonuna doğru getdikcə, hər kəs uğursuzluğunu kiminsə boynuna atmağa çalışacaq. Deyəsən, İlqar Nadiri də “Sabah”a, “Zirə”yə baxıb ürəklənib ki, onlar bəyanat verirsə, mən niyə susum?

”Büdcəm yoxdur” deyə-deyə iki əcnəbi qapıçı saxlayan Nadiri arada klubunda baş verənlərə diqqət yetirsə, yaxşı olar.

Bundan sonra bəyanat verəndə, heç olmasa, köhnə hakimlərlə, mütəxəssislərlə məsləhətləşin ki, ortaya normal video çıxara biləsiz. Yoxsa 1:4 hesabı ilə uduzan komandanın günahı hakimdə görməsi...

Düz deyiblər, utanmasan, danışmağa nə var ki?!

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti