“Qarabağ” və “Neftçi”yə görə bizə daha çox pul verirlər”

2 Fevral 23:40 Kəpəz 697
“Qarabağ” və “Neftçi”yə görə bizə daha çox pul verirlər”

“Kəpəz”in belaruslu müdafiəçisi və kapitanı legioneri Yeqor Xvalko Sportinfo.az-a müsahibə verib.

- “Turan Tovuz” üzərində əldə olunan 2:1 hesablı qələbə əksəriyyət üçün təəccüblü oldu. Sənin üçün necə?

- Açığı, gözlənilməz, amma vacib qələbə oldu. Oyunun əvvəli hadisələrin sonrakı axarının bizim üçün xoş olmayacağından xəbər verirdi. Rəqib üstün başladı, üç dəfə künc zərbəsi qazandı, erkən qol vurdu, bununla da psixoloji üstünlük əldə etdi. Ümumiyyətlə, bizdə belə bir şey var, matçın əvvəlində istədiyimiz kimi oynaya bilmirik, lazımsız səhvlər edirik. “Turan Tovuz” azlıqda qalandan sonra bizə oynamaq imkanı verdi. Biz də çoxsaylı qol imkanlarından ikisini qola çevirə bildik.

- Rəqib 4-cü dəqiqədə hesabı açandan sonra oyunun sonrakı axarını necə təsəvvür edirdin?

- Təbii ki, bizim üçün çətin olacaqdı. O an vəziyyəti xeyrimizə necə dəyişə biləcəyimiz haqda düşünürdüm. “Turan Tovuz” çətin rəqibdir, onlara qarşı oynamaq heç də asan deyil. Onsuz da qol vurmaq baxımından axsayırıq, bir də rəqib “Turan Tovuz”dursa. Ona görə də matçın sonluğu barədə fikirli idim. Onlar 10 nəfər qalandan sonra üstünlüyün tərəfimizə keçəcəyinə əmin oldum.

- Qırmızı vərəqənin qarşılaşmanın həlledici anı hesab edirsən?

- Müəyyən mənada hə. Azlıqda qalandan sonra müdafiəyə çəkildilər ki, belədə üstünlük tərəfimizə keçdi. “Turan Tovuz”un azlıqda qalandan sonra 90 dəqiqə əvvəlki tempdə oynaması fiziki baxımdan çətin olardı. Rəqibin “qırmızı” alması işimizi xeyli asanlaşdırdı.

- Adil Şükürovun gəlişi ilə nəticələr də yaxşılaşıb. Yeni baş məşqçi nələri dəyişib? Nə edir?

- Hər məşqçinin öz oyun fəlsəfəsi var. Məncə, ən böyük üstünlük yeni çalışdırıcının futbolçularla yaxşı əlaqə qurmağı bacarmasıdır. Bu, çox vacib məqamdır.

- “Turan Tovuz” üzərində əldə olunan qələbənin mükafatı barədə oyundan əvvəl məlumat verilmişdi, yoxsa məbləğ barədə matç başa çatandan sonra eşitdiniz?

- Oyundan sonra. Büdcəni nəzərə alsaq, bizdə mükafat fondu elə də böyük deyil. Prezidentimiz bacardığı qədər ən yaxşısını etməyə çalışır.

- Məbləğ rəqiblərin adlarına görə dəyişir?

- Elədir. “Qarabağ”, “Neftçi”, ”Sabah” kimi rəqiblərlə qarşılaşmalarda yaxşı mənada nəsə edirsənsə, mükafat daha çox olur. Belə deyim, təyin olunmuş mükafat büdcəsi var.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti