Rəhbərlikdən nə pul alacaqsa, aparıb bu şəxsə versin!

23 Yanvar 17:40 Kəpəz 849
Rəhbərlikdən nə pul alacaqsa, aparıb bu şəxsə versin!

Mövsümün üçüncü qərb derbisi Qəbələdə oynanıldı.

«Kəpəz» ilk dəfə «Turan Tovuz»a qalib gəldi.

Buradan Adil Şükürovan qalan iki borc var, gərək birini mütləq ödəsin. Biri baş hakim Əli Əliyevdir, biri də təbiətə.

Hər şeyi referi başladı, hava bitirdi. Gözünə döndüyüm Əli Əliyev nəticəyə birbaşa təsir göstərdi. Faiq Hacıyevi 9-cu dəqiqədə meydandan atdı.

«Qəbələ»nin «Turan»da forma geyinən yetirməsi sürüşmə fəndi işlədincə, qırmızı vərəqəni belində gördü. Bu, gənci bağışlamaq olardı, ağır cəza verildi.

Faiq rəqibə xəsarət yetirmək fikrində deyildi, ayağına zərbə dəyən Vüsal Məsimov orada qəfildən peyda oldu. Referi VAR kamerası önünə keçdi, bir xeyli gözünü döydü, axırda da əlini «qırmızı»ya atdı.

Georgi Papunaşvilinin yerdə qaldığı epizodda da səhv hakimin idi. Bu sahəyə haradan gəldiyi bilinməyən Əli Əliyev əvvəl penalti təyin etdi, VAR-da baxandan sonra xətasını düzəltdi.

Onun daha bir yanlışı 50-ci dəqiqəyə təsadüf etdi. İsmayıl Zülfüqarlıya qarşı kobudluğa yol verən Vüsal Məsimova «qırmızı» göstərmədi.

Adil Şükürov klub rəhbərliyindən nə qədər mükafat alacaqsa, yarısını yox, hamısını aparıb ona versin, gecikməsin. Əli Əliyevin bu qələbədə xidməti ondan daha çox oldu.

Dünənki soyuq hava da Şükürovun isti fətirinə yağ və pendir sürtdü. Referinin say azlığına məcbur etdiyi rəqibi qar da bu yandan «vurdu».

Daha çox qaçmalı oldular, daha çox güc itirdilər, daha tez yoruldular.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti