“Kəpəz” növbəti ev oyunlarını yenə Qəbələdə keçirəcək.
Gəncədəki stadionda aparılan təmir-bərpa işlərinə görə doğma şəhərdən uzaq düşən “sarı-göylər” rəqiblərini Tovuzda qəbul edirdi.
Lakin dekabrda “Araz-Naxçıvan”la oyunda işıq dirəyinin aşmasına və hazırda işıqlandırma sisteminin olmamasına görə meydanın xidmətindən yalnız “Turan Tovuz” yararlana bilir.
Kobud deyək, bu gün Tovuzda “Kəpəz”ə yer yoxdur. Lakin bu da müvəqqətidir.
Qəbələdə nominal meydan sahibi kimi çıxış etmək “Kəpəz”ə heç bir halda sərf etmir. Nə maliyyə, nə də məsafə baxımından.
Odur ki, qərb təmsilçisi ən pis halda fevralın sonunda Tovuza qayıdacaq.
Yanvarda “Turan Tovuz”la “Qarabağ”ı Qəbələdə qəbul edəcək “sarı-göylər” fevralda “Araz-Naxçıvan” və “Səbail”lə oyunlarda da burada meydan sahibi rolunda olacaq.
“Qəbələ”ylə 24-cü tura təsadüf edəcək ev qarşılaşması isə Tovuzda baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ

