“Kəpəz” yenidən Qəbələ şəhər stadionunun xidmətindən yararlanacaq.
Mövsümün gedişində Gəncə şəhər stadionunda aparılan təmir-bərpa işləri ilə əlaqədar Tovuza köçən “sarı-göylər”in ev oyunlarını mövsümün sonuna qədər burada keçirəcəyi bildirilmişdi.
“Kəpəz”in baş məşqçisi Adil Şükürovun Premyer Liqanın 19-cu turu çərçivəsində “Turan Tovuz”u Qəbələdə qəbul istəmələrini bildirməsi anlaşılan idi.
Gəncəlilər əzəli rəqibi ilə meydan sahibi statusunda oynayırsa, matçın Tovuzda, yerli azarkeşlərin önündə oynanılması doğru olmaz.
İş burasındadır ki, 20-ci turda “Qarabağ”la baş tutacaq qarşılaşma da Qəbələdə keçiriləcək. Yəni, “Kəpəz” son çempionu meydan sahibi qismində Tovuzda yox, kurort şəhərində qəbul edəcək.
Tovuzdan Qəbələyə sürpriz köçün səbəbini öyrənmək üçün Gəncə təmsilçisinin mətbuat katibi Azad Mustafayevlə əlaqə saxladıq.
Məlum oldu ki, yerdəyişmənin tutarlı səbəbi var və bu, müvəqqəti hal daşıyır:
“Vəziyyətin bu cür olması dekabrda Tovuz şəhər stadionunda işıq dirəyinin aşmasına görədir. Hazırda Tovuzdakı stadionda işıqlandırma sistemi yoxdur deyə, məşq sıxlığı yaranıb.
Əvvəl eləydi ki, məşqləri axşam saatlarına da təyin etmək olurdu. Ancaq indi məlum səbəbdən, bu, mümkün deyil. Belədə, meydan yalnız “Turan Tovuz”un əsas və əvəzedici komandalarına, eləcə də aşağı yaş qruplarına xidmət edir.
Ona görə də “Kəpəz” müəyyən müddətdə rəqiblərini Qəbələdə qəbul edəcək. Mövsümün gedişində yenə Tovuza qayıdacağıq”.
Gəncəlilər yanvarın 22-də Qəbələdə “Turan Tovuz”u, ayın 27-də “Qarabağ”ı qəbul edəcək.
HƏBİB / SPORTİNFO.AZ

