“Hazırda yoldayam, Bakıdan Gəncəyə gedirəm, komandanın məşqlərinə qoşulacam”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında istirahətdən qayıdan “Kəpəz”in yarımmüdafiəçisi Olavale Onanuqa deyib.
Qərb təmsilçisi mövsumə uğursuz başlasa da, Adil Şükürovun baş məşqçi təyin olunmasından sonra vəziyyət nisbətən düzəldi.
“Sarı-göylər” 18 turdan sonra 14 xal toplamaqla “Qəbələ” ilə sonuncu iki pilləni bölüşür. Əsas məqsəd təbii ki, Premyer Liqada qalmaqdır.
26 yaşlı nigeriyalı fasilənin özünün və komanda yoldaşlarının xeyrinə işləyəcəyini düşünür:
“Yaxşı istirahət etdiyimi deyə bilərəm. Nigeriyadaydım, ailəm, yaxınlarım və dostlarımla birlikdə. İlk yarının yorğunluğunu çıxarmağa çalışdım.
Ümid edirəm ki, bütün futbolçular dincələ bilib. Qarşıdakı günlərdə məşqlərdə daha çox çalışmalıyıq ki, çempionatın ikinci yarısında hədəfə çataq. Birlikdə güc sərf etməklə məqsədimizə nail olacağıq”.
Olavale Onanuqa cari mövsümdə “Kəpəz”in heyətində meydana çıxdığı 14 matçda 1 qol ötürməsi ilə yadda qalıb.
HƏBİB

