"Kəpəz" mövsümün ikinci yarısında da ev oyunlarını Tovuz şəhər stadionunda keçirmək istəyir.
Bu barədə Sportinfo.az-a Gəncə təmsilçisinin İdarə Heyətinin sədri İlqar Nadiri məlumat verib.
"Kəpəz" Gəncə şəhər stadionundakı yenidənqurma ilə əlaqədar 2023-cü il oktyabrın ortalarından ev matçlarını Tovuzda keçirib.
İ.Nadiri bildirib ki, hələlik bununla bağlı yekun qərar yoxdur:
"Hazırda müzakirə gedir. Tovuz stadionunda işıq dirəklərinin aşmasından sonra vəziyyət xeyli çətinləşib.
Bu problemin həlli, deyəsən, hələ bir müddət vaxt alacaq. "Turan"ın özü də bundan sonra oyunlarını günün birinci yarısında keçirməyə məcburdur.
Üstəlik, "Turan"ın aşağı yaş qrupları üzrə komandaları da orada məşqə çıxır. Demək olar günün bütün saatlarında bu stadionda məşq və oyun olur.
Boş vaxt tapmaq çətinləşib. Tovuz belə bizə sərf edirdi.
Həm şəhərlər arasında məsafə yaxındır, həm də qiymət münasibdir. Komandanın ev oyunlarını Bakıda, yaxud Qəbələdə keçirməsi bizə baha başa gəlir.
Uzaq yoldur. Bunun yol, qida, otel xərci var. İndiki vəziyyətdə bu qədər xərci ödəməyə gücümüz çatmır. Yenə də baxaq görək nə edə bilirik".
Komanda Premyer Liqada 18 turdan sonra 14 xalla 9-cu pillədə qərarlaşıb. "Sarı-göylər" XIX turda"Turan Tovuz"u Qəbələ şəhər stadionunda qəbul edəcək.
"Kəpəz" tərəfi rəqib məhz Tovuz təmsilçisi olduğu üçün bu addımı atıb. Qərb derbisi yanvarın 22-də, saat 17:30-da start götürəcək.

