"Hepatit B" virusuna yoluxan Abdulla Şuaybu Azərbaycana dönməyəcək.
"Kəpəz" 2023-cü ilin noyabr ayının əvvəlində ölkəmizi tərk edən nigeriyalı hücumçunu geri qaytarmaq fikrindən daşınıb.
Baxmayaraq ki, Adil Şükürov müqaviləsi 2024-cü ilin yayında bitəcək legionerin xidmətində maraqlıdır, rəhbərlik baş məşqçinin bu fikrini dəstəkləməyib.
Gəncəli rəsmilər afrikalı forvardın ikinci gəlişinə qarşı çıxıb. Nədən?
Meneceri Dmitri Selyuk ilə qalmaqal yaşamış Şuaybu hazırda vətənindədir. Onun yenidən meydana çıxması üçün təkrar tibbi müayinədən keçməsi şərtdir.
21 yaşlı əcnəbinin əziyyət çəkdiyi virus ona irsi keçdiyi üçün "Kəpəz" başbilənləri yenidən dilə-dişə düşmək, bu hadisəylə gündəmə gəlmək istəmirlər.
Bilirlər ki, o, geri qayıtsa, agenti prosesi izləyəcək və hay-küy salacaq. Başqa sözlə, funksionerlər yağışdan çıxıb, yağmura yaxalanmaqdan ehtiyat edirlər.
2022-ci ilin yayında “Şerif”dən "Kəpəz"ə gəlmiş forvardın qərb təmsilçisində çıxdığı 45 matçda 13 qol, 5 asistlə yadda qalıb. O, bu mövsüm 9 görüşdə forma geyinib və 1 qol vurub.
Dmitri Selyuk bildirib ki, nigeriyalı sağlamlıq testindən keçərkən analizləri dəyişdirilib və “sağlam” olaraq qeyd edilib. Bununla bağlı hətta Baş Prokurorluq AFFA-ya müraciət ünvanlayıb.
Bəs Selyuk niyə birdən-birə belə «hücuma keçib»? İş ondadır ki, nigeriyalı forvardla arasında münasibətlər aylar öncə pozulub.
Onlar artıq bir-birlərini danışdırmır. Menecerin afrikalının əleyhinə hərəkətə keçməsinin arxasındakı səbəb də budur.
Adıçəkilən agent Şuaybunun «Şerif»ə transferinə vasitəçilik edib. Amma o, Moldova klubunda çox qalmayıb, 2022-ci ilin yayında Azərbaycana gəlib.
Hücumçunun «Şerif»dən ayrılması menecerinin ona yanaşması ilə əlaqədardır. Belə ki, futbolçu Tiraspolda olduğu müddətdə ondan istədiyi diqqəti görməyib, bəzən ac qalıb.
Tanımadığı ölkədə özünü yad hiss edib, Selyukdan kömək umub, fəqət tərpəniş olmayıb.
O, Azərbaycana gələndən bir müddət sonra meneceriylə bağlantıları kəsib. Vaxtilə «Mançester Siti»li Yaya Turenin agenti olmuş Selyukla əməkdaşlığı dayandıran Şuaybu onun telefon zənglərinə və mesajlarına cavab verməyib.
Bu da agenti hiddətləndirib və Azərbaycandakı tanışları vasitəsilə son xəbəri mediaya ötürüb.
SPORTİNFO.AZ

