Növbəti mövsümün hazırlıqlarına iyunun üçüncü ongünlüyündə start verən “Kəpəz” yoldaşlıq görüşlərinə ara vermir.
“Sarı-göylər” iyulun 7-də “Səbail”lə, bir həftə sonra “Zirə” ilə münasibətlərinə aydınlıq gətirdi.
Həmin matçlardan sonra gəncəli futbolsevərləri maraqlandıran sual Abdullahi Şuaybunun hansı səbəbdən meydana çıxmaması idi.
Klubdan verilən məlumatda nigeriyalı hücumçunun zədə səbəbindən oynamadığı bildirilsə də, fanatlar fərqli düşünür.
Onların fikrincə, Şuaybu karyerasını “Kəpəz”də davam etdirmək istəmir deyə, zədə bəhanəsi ilə yoldaşlıq görüşlərində iştirak etmir.
İnsaf naminə, inandrıcı əsasdır. Abdullahiyə ölkə daxilindən və xaricindən maraq göstərən klubların olduğunu nəzərə alsaq, zədə bəhanəsi ilə məşq və oyunlardan kənarda qalmaq istəyi anlaşılandır.
Məsələyə aydınlıq gətirmək üçün “Kəpəz”in baş məşqçisi Azər Məmmədovla əlaqə saxlayıb, nigeriyalı hücumçunun harada zədələndiyini və nə vaxt sıraya qayıdacağını öyrəndik:
“Hansısa bəhanədən söhbət gedə bilməz. Şuaybu ötən mövsümün “Qəbələ” ilə sonuncu turuna təsadüf edən oyununda zədələndiyinə görə əvəzlənmişdi.
Çempionat başa çatdığından, dərhal vətəninə yollanmışdı. Nigeriyada olduğu dönəmdə zədəsinin ciddiliyinə önəm verməyib. Məşq edib, dostları ilə futbol oynayıb. Belədə, zədəsi bir az da ağırlaşıb.
Komandamızın məşqlərinə qoşulandan sonra ayağında ağrıların olduğunu dedi. Həkimlər müayinə etdilər və müalicəyə ehtiyac duyduğunu dedilər.
Ona görə də neçə vaxtdır kollektiv məşqlərdə və yoldaşlıq görüşlərində iştirak edə bilmirdi.
İndi durumu yaxşıdır. Ən qısa zamanda kollektiv çalışmalara qoşulub, tam gücü ilə məşqlərini davam etdirəcək. Şuaybu “Kəpəz”ə məxsusdur və növbəti mövsümdə komandamızın sıralarında olacaq”.
21 yaşlı forvard ötən mövsüm “sarı-göylər”in heyətində Premyer Liqada və Azərbaycan kubokunda meydana çıxdığı 36 qarşılaşmada 12 qol və 5 assistlə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ

