Gəncədə inşa olunan Futbol Akademiyasında təmir-bərpa işləri başa çatdırılıb.
Binanın xarici və daxili fasadı yenilənib, avadanlıqlar quraşdırılıb.
Lakin akademiya binasının hansı tarixdə açılışa hazır olacağı haqda məlumat yoxdur. Eynilə Smqayıtdakı Mehdi Hüseynzadə adına stadionda yaranmış vəziyyətdir.
“Kəpəz”də çalışanlarla Gəncə futboluna könül verənlər aidiyyəti qurumlardan gəlməli olan tapşırığı gözləyir. “Yuxarıdan” düymə basılandan sonra akademiyaya rəsmi giriş-çıxış mümkün olacaq.
Yəni, söhbət təkcə qapıları məşqçi və futbolçu heyətinin üzünə açmaqdan ibarət deyil.
Akademiyanı saxlamaq üçün personala ehtiyac var. Yeməkxana və yataqxana fəaliyyət göstərməlidir, çamaşırxana işə salınmalıdır. Hər biri vəsait tələb edir.
Müvafiq qurumların və ya şəxslərin gələn ayın sonuna qədər məsələ ilə bağlı müsbət qərar verəcəyi ehtimal olunur.
Düşünmək olardı ki, akademiyanın fəaliyyətə başlaması “Kəpəz”i bəzi xərclərdən azad edəcək.
Məsələn, əsas komandanın legionerləri mənzil icarəsi üçün klubdan aylıq 400-500 manat pul alır. Kollektivdə 7-8 legionerin olacağını nəzərə alsaq, bu, məhdud büdcəyə uyğun addım atan klub üçün az vəsait deyil.
Necə ki, ötən mövsüm “Turan Tovuz” əcnəbiləri stadionun ərazisindəki akademiyanın binasında məskunlaşmışdı.
Gəncədə bu cür olmayacaq.
Ona görə ki, ölkəmizə gələn legionerlər müqavilə bağlayan anda mənzil və avtomobil icarəsi üçün əlavə pul istəyir. Avtomobil kirayəsini hardasa ört-basdır etmək olur. Amma evin pulunu mütləq verməlisən.
Hər legionerə “13-15 yaşlı uşaqlarla eyni binada yatıb-duracaqsan” demək olmur.
Odur ki, Gəncə Futbol Akademiyası yalnız aşağı yaş qruplarından ibarət komandaların kənardan gələn futbolçuları üçün yataqxana xarakteri daşıyacaq.
Əsas komanda burada ev oyunlarından bir gün əvvəl məskunlaşacaq.
HƏBİB / SPORTİNFO.AZ

