Ötən mövsüm adından söz etdirən futbolçulardan olan Abdullahi Şuaybunun karyerasını “Kəpəz”də davam etdirəcəyi şübhə altındadır.
Düzdür, nigeriyalı forvardın klubla 2025-ci ilin yayına qədər müqaviləsi var.
Lakin iş burasındadır ki, Abdul ləqəbli futbolçu daha yaxşı qazanmaq niyyəti ilə iş yerini dəyişmək istəyir.
Azərbaycan Premyer Liqasında mübarizə aparan klublardan biri onu heyətinə qatmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışır.
Hətta transfer danışıqları ilə bağlı bir neçə dəfə “Kəpəz”ə müraciət olunub.
Gəncədən həmin kluba cavab verilib: “Klubün hesabına 100 min dollar ödəyib, apara bilərsiz”.
Qarşı tərəf bu məbləğin təxminən yarısını ödəmək gücündədir. Bu isə gəncəlilərə heç cür sərf etmir.
Şuaybuya maraq göstərən klublar arasında Türkiyə və İsrail təmsilçiləri də var. Ancaq onlar da 100 min dollarlıq təklifə isti yanaşmır. Daha doğrusu, düşünmək üçün əlavə vaxt istəyiblər.
21 yaşlı “Kəpəz”dəkindən qat-qat artıq gəlir əldə etmək üçün getmək istəyir. Hətta klub rəhbərliyinin diqqətinə başqa klublarda ayda 10 min dollar qazana biləcəyini çatdırıb.
Bir növ “ya aylıq 10 min dollar verin, ya da məni satın” mesajını verib.
Ötən mövsüm qərb təmsilçisində ayda 1000 dollar qazanan Abdullahinin növbəti mövsüm üçün müqavilədə göstərilən əməkhaqqısı 2000 dollardır.
Rəhbərlik onu razı salmaq üçün məbləği 3000 dollara yüksəltməyə razıdır. Bundan artığına gücləri çatmır.
Odur ki, Şuaybu mövzusunda iş dolaşığa düşüb. Futbolçu getmək istəyir, onunla maraqlananlar isə 100 min dollarından keçmək niyyətində deyil. Məsələ hələ ki, açıq qalıb.
Nigeriyalı forvard ötən mövsüm “Kəpəz”in heyətində meydana çıxdığı 36 oyunda 12 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ

