“Kəpəz” mövsümün sonu müqaviləsi başa çatan Tərlan Əhmədovla yolları ayırmağa qərar verdi.
Klub rəhbərliyinin atdığı addım futbol ictimaiyyətində heç də birmənalı qarşılanmadı.
Əksəriyyət təcrübəli mütəxəssisin yaxşı komanda yaratdığını, qarşıya qoyulan vəzifəsnin yerinə yetirildiyini əsas gətirərək Əhmədova qarşı rəhbərliyin bu münasibətini sərt qınadı.
Amma nədənsə, çalışdırıcı arxada qalan günləri susmağı üstün tutdu.
Heç yerdə ayrılığı ilə bağlı danışmayan 50 yaşlı mütəxəssis ürəyini sosial şəbəkədə boşaldıb.
O, “feysbuk” hesabında paylaşdığı postla incik getdiyini birüzə verib:
"Əliaçıq olursan, axmaq bilirlər. Yaxşı biri olursan, istifadə edirlər. Düzgün olan şeyi edirsən, tənqid edirlər. Uğur qazanırsan, qısqanırlar. Sevirsən qiymət bilmirlər. İnsan olmaq ən çətin işdi bu həyatda!”.
Əhmədovun statusuna ilk şərh yazanlardan biri ötən mövsümü “Kəpəz”də keçirən gürcüstanlı Giorgi Kantarya olub: “Allah işinizə qiymət versin. Siz, ancaq ən yaxşısına layiqsiz. Uğurlar, Tərlan müəllim. Hər şey üçün təşəkkürlər”.
Ona dəstək olanlar arasında “Kəpəz”in veteran futbolçuları da yer alıb -
Fazil Pərvərov: “Tərlan müəllim sizin mükafatınız Allah tərəfindən veriləcək, buna əmin olun. Siz, mərd insansız. Bunu mən sizdə gördüm. Hər gecənin bir səhəri var. Haqqlı hər zaman qalib gəlir. Bir az səbrli olun. Allah səni və ailəni qorusun”.
Nadir Şükürov: “İnsanlıq çətin bir iş olduğu üçün bəziləri nankorluğu seçir”.
XANOĞLAN / SPORTİNFO.AZ

