Növbəti mövsümün planlarını cızan “Kəpəz”də əsas diqqət heyətin komplektləşdirilməsinə ayrılıb.
Azər Məmmədov baş məşqçi postuna sahiblənəndən sonra ən vacib problemi – yerli futbolçuların komandaya cəlb olunmasını həll etmək niyyətindədir.
Təcrübəli çalışdırıcı bu məqsədlə yaxından tanıdığı və “Kəpəz”də oynaması real görünən azərbaycanlılarla təmas qurulmasını istəyib.
Hədəfdə olan adlar Gəncə futbolunun yetirələri Əli Səmədovla Zahid Mərdanovdur.
Ötən mövsüm Tərlan Əhmədovun gəlişindən sonra doğma şəhərin komandasını “Şamaxı”ya dəyişən cütlük karyerasını yenidən sarı-göy formada davam etdirə bilər.
Bunun üçün “Şamaxı” rəhbərliyinin razılıq verməsi mütləqdir. Çünki, hər iki futbolçunun bölgə təmsilçisi ilə bu ilin sonuna qədər sözləşməsi var.
İş burasındadır ki, Səmədovla Mərdanov “Kəpəz”də oynamaqda maraqlıdır. Hazırda bu yöndə danışıqlar davam edir.
HƏBİB / SPORTİNFO.AZ

