Tərlan Əhmədovun “Kəpəz”dən ayrılması hazırda futbol gündəminin əsas müzakirə mövzusudur.
Fikirlər isə ikiyə haçalanıb – kimisi qərarı yanlış hesab edir, kimisi də rəhbərliyin addımına haqq qazandırır.
Son ana, son dəqiqələrə kimi Əhmədov postunda qalmaq uğurunda çaba göstərdi. Getmək istəmirdi. Halbuki qışdan sonra Tovuzda verdiyi məlum açıqlamada başqa hava səsləndirmişdi – “Komandanı liqada saxlayıb, gedəcəm”.
Sonrakı proseslər, qalmaq üçün olan vurnuxma göstərdi ki, təcrübəli mütəxəssis fikirlərində, vədində o qədər də ciddi, səmimi deyilmiş.
Amma klub rəsmiləri çalışdırcıdan fərqli olaraq bir neçə tur sonra verdikləri qərarın ciddiliyini son ana kimi qorumağı bacardı.
Axı baş məşqçi 26-cı turun “Zirə” ilə səfər matçından (1:1) sonra rəhbərliyə sataşan başqa fikirlərlə də yadda qalmışdı.
SİTAT: "Vəziyyətimiz çətindir. Komandanın tərcüməçisi yoxdur. Mən üç dildə danışıram. Bəzən isti su olmur, futbolçular məşqdən sonra gedib evdə çimirlər. Komandanın 2 əsr yaşı var. "Kəpəz"ə belə laqeyd münasibət göstərmək olmaz. Avtobusu, tərcüməçisi, vitamini olmayan komadanın Premyer Liqada qalmasına çalışıram".
Bıçağın sümüyə dirənməsi üçün son addım Əhmədovun bu fikirləri olmuşdu. Ya onun iradlarına sərt cavab verilməli idi, ya da sezonun ən ağır dönəmində səbr göstərilib sonu gözləmək. Klub prezidenti İlqar Nadiri ikinci yolu seçdi. Buna pambıqla baş “kəsmək” də deyə bilərik.
Elə görüntü yaradıldı ki, sanki onunla yollar davam etdiriləcək. Əsas məqsəd isə mütəxəssisin başının altına balış qoyub, Premyer Liqada qalmaq üçün lazım olan xalların yığılmasına şərait yaratmaq idi.
O da baş tutdu. Sonrakı 10 turda önəmli 10 xal toplayan qərb təmsilçisi hətta bir neçə tur əvvəldən qarşıya qoyulan məqsədə çatmış oldu.
Düzdü, gedəcəyi ilə bağlı narahtlığı az da olsa sezən Tərlan bəy qalması üçün mövsümün bitməsinə 2-3 tur qalmış cəhdlər etməyə başlamışdı.
Lakin ümumilikdə onu elə inandıra bilmişdilər ki, daxildəki “məni saxlayacaqlar” hissi son günə qədər hakim kəsilmişdi.
Əbəs deyil ki, yeni məşqçi Azər Məmmədovun təyin olması ilə bağlı çıxan xəbərlərə Əhmədov “haqqımda yayılan xəbərlərin heç bir əsası yoxdur. Absurddur, həqiqəti əks etdirmir. Yalan söhbətdir. Belə bir şey yoxdur. O xəbəri mediaya sızdıranı yaxşı tanıyıram. Bəlli məqsədləri var. Bu gün İlqar Nadiri ilə görüşmüşəm, hər şey yüksək səviyyədədir. Səhər görüşdə komandada kim qalacağını, kimin gedəcəyini müzakirə etmişik. Mənə bəzi sənədlər verib, bəzi futbolçulara baxmışıq. Sabah da görüşümüz, söhbətimiz olacaq”- deyə cavab vermişdi.
Bu açıqlamadan heç 24 saat keçməmiş mətbuatın dəyişikliklə bağlı 2-3 gün əvvəl yazdıqları klub tərəfindən rəsmi olaraq təsdiqini tapdı.
Bu, bir daha göstərir ki, “Əhmədov oyunu” çox uğurla aparıldı və lazım olan sonluqla da yekunlaşdı.
XANOĞLAN İMANOV

