Tərlan Əhmədovla yeni anlaşmada İLK ŞƏRT

5 İyun 2023 17:00 Kəpəz 3 980
Tərlan Əhmədovla yeni anlaşmada İLK ŞƏRT

Arxada qalan mövsümün ən qalmaqallı adamı şübhəsiz ki, Tərlan Əhmədov oldu.

“Kəpəz”in çalışdırıcısının işi ortada. O gələndən sonra komanda daha baxımlı, inamlı oynamağı bacarıb. Elə xallar da onun dönəmində yığılıb.

Normalda mövsüm bitmədən onunla yeni müqavilə imzalanmalı idi.

Ancaq görürük ki, mövsüm bitib, hələ üzərindən günlər keçib, amma yeni anlaşma ilə bağlı ortada heç nə yoxdur.

Yeganə səbəb meydandan kənardakı həmin qalmaqallardı. Təcrübəli mütəxəssislə azarkeş də, rəhbərlik də, futbolçular da, mətbuat da münaqişə yaşayıb.

Sizcə, eyni anda hamı səhv, Əhmədov düz ola bilərmi?

Təbii ki, yox. Deməli, ortada ciddi xarakter problemi var. Baş məşqçi nələrisə yanlış edir.

Əslində nələri yanlış etdiyini də media tez-tez gündəmə gətirir.

Çalışdırıcı isə dərs çıxarmır.

Son konfranslarda Tərlan bəy bir az zildən aşağı düşərək hətta aşağı büdcə ilə də yola davam etməyə hazır olduğunu bildirib. Halbuki bir neçə həftə əvvəl daş atıb başını tuturdu ki, indiki şərtlərlə Gəncədə işləmək mümkünsüzdür. Deməli, mümkünmüş.

Məncə, Tərlan bəy yeni müqavilə üçün necə yumuşalıbsa, xarakterin də o cür yumuşaltmalıdır. Mənəm-mənəmlik dövrü çoxdan bitib.

O, təkliyə çəkilməli, eqosun kənara qoymalı, yaşanan bütün münaqişələrə obyektiv qiymət verməlidir.

Səhvlərini mütləq ki, onda görəcək. Görmək də yetmir, üzərində baş sındırmalı, aradan qaldırmalıdır.

Əhmədov “Kəpəz”də qalmalıdır. Lakin yol verdiyi səhvlərlə yox, yanlışlarını düzəldərək.

Əmin olun ki, onda daha sanballı, iddialı “Kəpəz” görə bilərik.

Yeni anlaşma üçün tərəflər masa arxasında üz-üzə gələcəksə, ilk danışılmalı, razılaşdırılmalı məsələ də budur. Əks halda yeni izdivac vaxt itkisindən başqa bir şey olmayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti