AFFA "Kəpəz"in rəhbərliyinə xeyir-dua verdi – Göndərmək istəyirsizsə, göndərin

17 May 2023 16:00 Kəpəz 1 530
AFFA "Kəpəz"in rəhbərliyinə xeyir-dua verdi – Göndərmək istəyirsizsə, göndərin

«Kəpəz» rəhbərliyi Tərlan Əhmədovla bağlı AFFA ilə məsləhətləşmə aparıb.

Gəncə təmsilçisinin nümayəndələri hazırkı baş məşqçinin müqavilə müddətini yeniləmək istəməməsi barədə federasiyanı məlumatlandırıb.

Qurumun diqqətinə çatdırılıb ki, ötən ilin payızında görəvə gətirdikləri çalışdırıcı ilə onların arasında ciddi fikir ayrılıqları yaranıb və problemin həllini yolların ayrılmasında görürlər.

AFFA mənsubları «Kəpəz» təmsilçilərinin fikrini dəstəkləyib. Verilən cavab da maraqlıdır:

«Komandanı Tərlan Əhmədova tapşıranda, biz sizə demişdik ki, səhv seçim edirsiz. O, çətin adamdır.

İşlədiyi hər klubda rəhbər şəxslərlə problem yaşayıb. Səhvi düzəltmək istəyirsizsə, bu işi çox sonraya saxlamayın».

Məlumat verdiyimiz kimi, ötən ilin payızında «Kəpəz»in sükanı arxasına keçən Tərlan Əhmədovun yeni mövsümü burada keçirməsi sual altına düşüb.

Mövcud kontraktı sezonun sonunda bitəcək baş məşqçinin müqaviləni uzatmaqla bağlı rəhbərliklə apardığı danışıqların ilkin raundu uğursuz nəticələnib.

Komandanı Premyer Liqada saxlamaq tapşırığını yerinə yetirən mütəxəssisin irəli sürdüyü şərtlər İdarə Heyətinin sədri İlqar Nadiri tərəfindən qəbul görməyib.

Klubun bir nömrəli şəxsi çalışdırıcının tələblərini yerinə yetirməkdən imtina edib.

Əhmədov istəyirdi ki, əməkhaqqısı artırılsın, transfer büdcəsi tamamilə onun ixtiyarına verilsin, yeni futbolçuların alınması prosesinə heç kim qarışmasın.

O. həmçinin bəzi şəxslərin klubun idarəçiliyindən uzaqlaşdırılmasını şərt olaraq irəli sürüb.

Sabahını Gəncədə görməyən Tərlan Əhmədov İsgəndər Cavadovdan yeni xahiş edib.

AFFA-nın Gəncə futbolu üzrə kuratoru olan və «Kəpəz»də görvə gəlməsinə köməklik göstərmiş şəxsdən «Səbail»ə keçməsi üçün yardım istəyib.

Bu məqsədlə Cavadovla görüşüb, «Kəpəz»də işləməkdən yorulduğunu, özünü «Səbail»də gördüyünü bildirib.

İkinci də öz növbəsində «dənizçilər»in Müşahidə Şurasının sədri Əbdülqəni Nurməmmədovla danışıb, Əhmədovun namizədliyini gündəmə gətirməsi barədə ona müvafiq tapşırıq verib.

Bayıl klubu cari mövsümə Mahmud Qurbanovla başlayıb. Ötən ilin dekabrında Şahin Diniyev onu baş məşqçi postunda əvəzləyib.

Bayıl təmsilçisi bu dəyişiklikdən fayda görməyib. «Dənizçilər» ölkə kubokunda mübarizəni yarımfinal mərhələsində dayandırıb, Premyer Liqada isə sonuncu yerə enmək təhlükəsi ilə üzləşib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti