Premyer Liqada qalmaq üçün tələb olunan minimum xal ehtiyatı 30-dur.
«Kəpəz» dünən Zirədə bu rəqəmə çatdı və təhlükəli zona ilə bağlantılarını bir qədər də qopardı.
Qəsəbəki oyun o qədər də maraqlı keçmədi. «Kəpəz» nəticəyə hesablanmış futbol nümayiş etdirdi.
Tərlan Əhmədov son həftələrdə yorğunluğu üzündən oxunan komandasına ilk növbədə qapının toxunulmazlığı barədə düşünməyi tapşırmışdı.
«Qol buraxmayaq, qol vurmasaq da olar» prinsipi ilə vuruşdular.
«Zirə»nin ilk hissədə sayılmayan qolu «Kəpəz»i fasilədən sonra daha da ruhlandırdı. Standart vəziyyətdən hesabı açıb, psixoloji üstünlük qazandılar.
Düzdür, ev sahibləri status-kvonu bərpa eləməyə gecikmədi, qalan dəqiqələr əsasən mövqe mübarizəsi şəraitində keçdi.
Tərlan Əhmədov bu nəticə ilə «çulunu sudan quru çıxartdı». Artıq söz də, tələb də ondadır. O, nə desə, nə istəsə, «Kəpəz» rəhbərliyi yerinə yetirməlidir.
Mövsümün əvvəlində hamı bu fikirdə idi ki, sonuncu yer «Kəpəz»indir. Əhmədovun komandaya yeni nəfəs verəcəyinə, dərənin dibindən yuxarı darta biləcəyinə güman az idi.
Əksi oldu və indi «Kəpəz»i idarə edənlər Tanrının dərgahına əl açıb «çox sağ ol» deməlidir ki, nə yaxşı ki, göstərdiyimiz bütün təzyiqlərə, etdiyimiz pisliklərə baxmayaraq, Əhmədov işini atıb getmədi.
Onda lap biabırçılıq olardı.
MUSA

