“Kəpəz”in fransalı hücumçusu Salif Sisse Sportinfo.az-a müsahibə verib.
- Niyə “Sabah”a 3 cavabsız qolla məğlub olduz?
- Bu sualın cavabı çox sadədir - “Sabah” “Kəpəz”dən güclü komandadır. Tək bu gün üçün demirəm. Ümumilikdə iki klubun büdcəsini, imkanını və şəraitini nəzərdə tuturam. Aradakı səviyyə fərqi oyunda özünü göstərdi.
- Sənə elə gəlmir ki, Gəncə stadionunda qazonun yararsız halda oynaması rəqiblərin işini çətinləşdirir, sizə üstünlük yaradırdı.
- Xeyr, belə deyil. Meydan son 2-3 oyunda pisləşmişdi. Məsələn, yanvarda mən gələndə qazonun durumu çox yaxşı idi. Sonradan pisləşməyə başladı. Sadəcə, Gəncədə çoxsaylı azarkeşlərin qarşısında oynamaq biz futbolçular üçün daha rahatdır. Hiss edirsən ki, evdə çıxış edirsən və tək deyilsən.
- “Kəpəz” Premyer Liqada qalacaq?
- Mən buna inanıram. Amma heç də görünən qədər asan olmayacaq. Bir qələbə qazansaq, hə, məsələni həll etmiş olacağıq. Lakin indi dəqiq söz demək çətindir. Sona qədər mübarizə aparmalıyıq.
- Komandadakı durumunla bağlı nə deyə bilərsən? Əvəzedici statusu ilə barışmısan.
- Heç də asan deyil. Komandada Abdullahi Şuaybu var. Komandaya məndən öncə cəlb olunub, öz oyununu tapıb, qollarını vurur. Bütün bunlara hörmətlə yanaşıram. Ancaq mənə elə gəlir ki, fərqli mövqedə şans qazana bilərəm.
- Hansı mövqedə?
- Baş məşqçinin sistemi var və heyəti həmin sistemə uyğun qurur. Mənə gəlincə, vinger kimi də oynaya bilərəm.
- Həqiqətən Şauybu güclüdür?
- Kimdən?
- Ümumiyyətlə soruşuram.
- Yaxşıdır, yaxşıdır. “Kəpəz” üçün uyğun seçimdir, bu, dəqiqdir. Bəlkə də başqa komandada bu dərəcədə uğurlu olmaz. Amma burada özünü yaxşı tərəfdən göstərir.
HƏBİB

