«Kəpəz» ardıcıl ikinci məğlubiyyətini «Sabah» aldı.
Yenə nominal ev sahibi olduğu oyunda. «
Sumqayıt»dan sonra «Sabah» da Qəbələdən 3 xalla ayrıldı.
Tərlan Əhmədov yenilgilərə səbəb göstərib. Gəncədən Qəbələyə məcburi köçüşün yaratdığı fəsadları sadalayıb, özünün, futbolçularının yol yorğunluğunu qeyd edib. Vaxt azlığı və şəraitin olmamasından gileylənib.
Haqlıdır. Tərlan Əhmədov incə məqamlara diqqət çəkib. Bu dəfə klub rəhbərliyinin adını hallandırmır, sadəcə, sözünü dolayısı ilə onlara çatdırır.
Deyir ki, mənə və komandaya sahib çıxın, mövqelərimiz əldən gedə bilər.
«Kəpəz»ə qarşıdakı 3 turda mütləq minimum 3 xal lazımdır. O da olsa, söhbət bağlandı, Gəncə gələn mövsümü də Premyer Liqada keçirəcək.
AFFA-nın «Kəpəz»ə münasibəti qeyri-obyektivdir. Misalı hakimlərdir. Federasiya tərəfindən «Kəpəz»in oyunlarına təyinat alanlar iki turdur nəticəyə təsir göstərən səhvlərə yol verir.
Keçən dəfə ofsayddan vurulan qolu VAR qol saydı. Dünən də «Sabah»ın qapı xəttini keçən top qeydə alınmadı.
Yeqor Xvalkonun epizodunda o qolu necə görməmək olardı, yəqin ki, Barış Şimşek izah edər.
Əlbəttə, Hakimlər Komitəsinin sədri üzünə üz tutub, «top qapı xəttini tam keçməmişdi» deməsə. Belə bir açıqlamanı verən dünyanın ən axırıncı futbol adamıdır.
MUSA

