"Kəpəz" təzə-təzə dirilirdi ki...

8 May 2023 23:20 Kəpəz 1 391
"Kəpəz" təzə-təzə dirilirdi ki...

"Kəpəz" elə təzə-təzə özünə gəlirdi.

Həm nəticə, həm klub ətrafında qalmaqalların səngiməsi baxımından.

Sanki gec də olsa yerli publika nisbətən klub ətrafında birləşməyə, baş məşqçi Tərlan Əhmədova dəstək olmağa başlamışdı.

Amma imkan vermədilər - dağıtdılar, didərgin saldılar. Klub yenidən başqa rayona - Qəbələyə köç etməyə məcbur olundu.

Bunda günahkarın kim olması önəm daşımır. Heç axtarmaqda da maraqlı deyilik. Amma həqiqət odur ki, ikinci köç dirçələn qərb təmsilçisini yenidən yanıüstə qoydu.

Düzdü, Qəbələdə keçirilən ilk ev oyununda azlıqda qalan "Turan"ı məğlub etmək (1:0) mümkün olmuşdu. Amma oyun keyfiyyəti Gəncə şəhər stadionundakı deyildi. Gəncə stadionunun keyfiyyətsiz qazonu belə Əhmədovun komandasının keyfiyyətli oyununa mane ola bilmirdi. Hətta lider "Qarabağ" orada qazandığı 1 xala şükür etmişdi. Kimin hünər vardı "Kəpəz"ə evində 3 qol vursun? Heç kimin. Elə həmin "Sabah" Gəncədə son dəqiqə qolu ilə məğlubiyyətdən qaçmışdı.

Amma bu günü gəzə-gəzə 3 qolu Gəncə təmsilçisinin qapısından keçirir.

Baş məşqçi boş yerə mətbuat konfransında deməyib ki, “Gəncədəki atmosfer burada yoxdur”. Olmaz da...

Dünən Qəbələdə cəmi 32 gəncəli azarkeş qapı arxasında sevimli komandalarına aktiv dəstək verib. Gəncədə məşqlərə bundan çox fanat gəlir.

“Kəpəz”in döyünən ürəyi, ruhu onun sevimli fanatlarıdır. Bu gün isə zəlzələdən, ya vəlvələdən o ruhu “Kəpəz”dən qoparıblar.

Vaxtında yığılan xallar olmasaydı, ruhsuz “Kəpəz”in Premyer Liqada qalması da müşkül məsələ olardı.

Bu mövsüm birtəhər yola verildi.

Rəhbərlik növbəti mövsüm barədə indidən ciddi-ciddi düşünməlidir.

Əks halda, ikinci dəfə girilən “palçıq”dan çıxmaq mümkünsüz olacaq.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti