“Kəpəz”in belaruslu müdafiəçisi Yeqor Xvalko “Sumqayıt”la oyun (0:1) haqda Sportinfo.az-a danışıb, həmçinin digər sualları cavablandırıb:
- Bir az yorğunluq var. Bu da yəqin ki, bütün oyunları səfərdə oynamağımızla bağlıdır. Demək olar hər həftə harasa səfər edirik, yollarda çox vaxt keçiririk. Qəbələ hər nə qədər gözəl yer olsa da, burada oynamaq asan deyil. Dağlıq bölgədir, nəfəs almaq çətindir. Havaya uyğunlaşmaq lazımdır. Çempionatın başa çatmasına 4 həftə qalıb. Xallarımızı toplamaqla elitada qalmaq hədəfinə çatmalıyıq.
- “Sumqayıt”a məğlubiyyəti çempionatda qalmağınızla bağlı arxayınlıqla əlaqələndirmək olar?
- Xeyr, qətiyyən! Bu barədə ümumiyyətlə düşünmürük. Məşqçilər heyəti hər gün məşqdə bu barədə bizimlə söhbət edir. Sonuncu pillə ilə aramızdakı xal fərqi elə də çox deyil. 1-2 oyunda fərqli nəticələr hər şeyi kökündən dəyişə bilər. Arxayınlıq hədəfə 100 faiz çatandan sonra olacaq. Yəni riyazi hesablamalara görə sonuncu sıradakı komandanın bizə çata bilməyəcəyini anlayanda.
- Elədirsə, “Sumqayıt”a məğlubiyyətin kökündə nə dayanır?
- “Sumqayıt” haqda xoş sözlər deməliyik. Hücumlara sürətli çıxırdılar və daha çox qaçırdılar. Düzdür, hər iki komandanın qol imkanları oldu. Sadəcə, onlar istifadə edə bildi, biz isə yox. Bizim günümüz deyildi.
- “Kəpəz” Premyer Liqada qalacaq?
- Bu barədə öncəki müsahibəmdə də demişdim. Sözümdən dönmürəm, “Kəpəz” Premyer Liqada qalacaq.
HƏBİB

