Tərlan Əhmədovun ağzından çıxan SÖZ

19 Aprel 2023 23:00 Kəpəz 1 533
Tərlan Əhmədovun ağzından çıxan SÖZ

Ölkənin istedadlı məşqçilərindən hesab olunan Tərlan Əhmədov fevralın 11-də verdiyi açıqlama ilə futbol ictimaiyyətinin diqqətini üzərinə çəkməyi bacarmışdı.

Həmin gün çalışdırdığı “Kəpəz” səfərdə “Turan Tovuz”a 0:2 hesabı ilə uduzmuşdu, Əhmədov da oyunsonrası mətbuat konfransında ürəyini boşaltmaq üçün əla fürsət yaxalamışdı.

Demişdi ki, Gəncədə işləmək üçün şərait yoxdur, klub daxilində ona qarşı təxribat var, bu vəziyyətdə çalışmaq çətindir. Və ən əsası, bu il “Kəpəz”i Premyer Liqada saxlayıb, istefa verəcək.

Üstündən 2 ay keçəndən sonra “Kəpəz” Qəbələdə “Turan Tovuz”la qarşılaşdı, lakin bu dəfə 1:0-lıq qələbəyə sevindi. Tərlan Əhmədovun əhvalının sazlığına şübhə etməyə dəyməzdi.

Həmkarlarımızdan biri mətbuat konfransında baş məşqçiyə fevralda söylədiklərini xatırladıb, “yenə eyni fikirdəsiz” sualını verəndə təcrübəli mütəxəssis dolaşıq cavabla yadda qalıb:

Bunu mövsümün sonunda görəcəksiz. Bilirsiz ki, həmişə sözümün üstündə durmuşam. Gəldiyim gündən atdığım addımılar səhv olmayıb. Rəhbərliklə aramızda söhbət olub ki, komanda Premyer Liqada qalandan sonra bizim və futbolçuların taleyinə aydınlıq gələcək.

İlk gündən təzyiqlərin olacağını bilirdim. Hər şeyi təbii qarşıladım. Dünyanın hər yerində belədir. Komadanın sponsoru yoxdursa, futbolçuları saxlamaq çətin olacaq. Komandada qalası olsam, şərtlərim həyata keçirilməlidir. Bu il yaşadıqlarımı gələn il də yaşamaq istəmirəm. Rahat şəkildə işimi görmək istəyirəm”.

Cavabdan da göründüyü kimi, Əhmədov suala konkret “bəli” cavabını vermədən nala-mıxa vurub. Yaxşı pul olacağı təqdirdə komandada qalmaq həvəsini ortaya qoyub. Fevralda “gedəcəm” deyirdisə, işlər nisbətən qaydasına düşəndən sonra “komandada qalası olsam...” şəklində danışır.

Adam iki ay əvvəlki iddiası ilə özünü pullu klublar, bəlkə də Azərbaycan millisi üçün reklam edirdi. Ki, yayda “Kəpəz”dən ayrılacam, xidmətimdə maraqlı olan varsa, indidən danışaq.

İndi də həmin fikirdədir. Plan eynidir, niyyəti dəyişməyib. Sadəcə, ikili oyun oynayır. Bir daşla iki dövşan vurur. Sözün birini “Kəpəz” rəhbərliyinə atır ki, büdcə artırılsın, o birini də pullu klublara.

“Komandanı elitada saxlayıb, gedəcəm” açıqlaması Tərlan Əhmədovun ağzından çıxan cümlə idi. Görək, ağzından çıxanın arxasında duracaq, ya yox.

P.S.: Tərlan Əhmədov ölkənin ən güclü futbol məşqçilərindən biridir. Xarakterindəki problemlər başının bəlasıdır ki, ağzından buraxdığı söz də buna nümunədir.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti