Azərbaycan Premyer Liqasında XXX tur davam edir.
Sportinfo.az xəbər verir ki, bölgə təmsilçiləri “Kəpəz”lə “Turan Tovuz” üz-üzə gəlib.
Gəncə şəhər stadionunun ot örtüyü yararsız vəziyyətdə olduğu üçün rəqibini Qəbələdə qəbul edən Tərlan Əhmədovun kollektivi erkən qolla hesabı açıb. Nigeriyalı hücumçu Abdullahi Şuaybu qapıçı ilə təkbətək dueldən qalib ayrılıb.
Bu azmış kimi, fasilə ərəfəsində tovuzlular meydanda azlıqda qalıblar. Gürcüstanlı yarımmüdafiəçi Piruzi Marakvelidze 38-ci dəqiqədə topa əllə müdaxilə edərək hücumun qarşısını kəsdiyi üçün birbaşa qırmızı vərəqə alıb.
Qalan dəqiqələrdə hər iki komandanın cəhdləri nəticə verməyib və “Kəpəz” Qərb derbisində rəqibini 1:0 hesabı ilə məğlub edib.
Hakimin final fitindən dərhal sonra meydanda dava düşüb. Belə ki, iki komandanın futbolçuları əlbəyaxa davaya çıxıblar. Onları məşqçilər və klub rəsmiləri sakitləşdiriblər.
Qalibiyyət sayəsində turnir cədvəlinin yeddinci pilləsində qərarlaşan “Kəpəz” xallarının sayını 28-ə çatdırıb. Altıncı sıradakı “Turan Tovuz” gəncəliləri cəmi 1 xal qabaqlayır.

