Artpq aprel ayı olmasına baxmayaraq “Kəpəz”in məşqçi-futbolçu heyəti, eləcə də digər işçiləri fevral ayının maaşını almayıb.
Məvaciblərin Novruz bayramı ərəfəsində veriləcəyi gözlənilirdi. Müəyyən gecikmələrin olduğu deyilərək pulların bayramdan sonrakı həftədə paylanacağı bildirilmişdi.
Sonrakı həftə də başa çatdı və yenə gözlər yolda qaldı.
Klubun Müşahidə Şurasının rəhbəri İlqar Nadiri futbolçuların “Səbail”lə oyuna rahat çıxması üçün məlum qarşılaşmadan əvvəl komanda üzvlərinin maaşlarının bir hissəsini ödəyib. Ancaq problem hələ də həllini tapmayıb.
Məsələyə aydınlıq gətirmək üçün klubda əsas söz sahibi olan İlqar bəylə danışdıq:
“Geridə qalan aylarda maaşlar klubun hesabına hər ayın 15-25-i aralığında keçirilirdi. Maksimum ayın sonuna qədər ödəniş olurdu.
Hər ay Təftiş Komitəsinə xərclərlə bağlı sənədləri təqdim edirik. Onlar da sənədləri yoxlayandan sonra pulların köçürülməsinə dair göstəriş verilir.
Məndə olan məlumata görə, mövcud problemlə üzləşən təkcə “Kəpəz” deyil. Digər klublarda da maaş gecikməsi yaşanır.
Bunun səbəbi mart ayında qeyri-iş günlərinin çox olmasıdır. Məhz bu səbəbdən yoxlamalar ləngiyib və belə bir vəziyyət yaranıb. İnanırıq ki, bu həftə ödəniş olacaq və hər kəs öncəki aylarda olduğu kimi maaşı tam şəkildə alacaq.
O ki qaldı “Səbail”lə oyundan əvvəl maaşların bir hissəsinin verilməsinə, bəli, futbolçuların bəzi xərcləri qarşılaması üçün müəyyən qədər ödəniş etmişik. Geridə qalan hissəsini də ən qısa zamanda həll edəcəyik”.
HƏBİB / SPORTİNFO.AZ

