"Onlardan soruşmaq lazımdır" - “Kəpəz”də niyə maaşlar ödənmir?

3 Aprel 2023 22:40 Kəpəz 852
"Onlardan soruşmaq lazımdır" - “Kəpəz”də niyə maaşlar ödənmir?

Çempionatda qalmaq uğrunda mübarizə aparan “Kəpəz”də maddi problemlər yaranıb.

Sportinfo.az xəbər verir ki, Gəncə klubu iki aydır futbolçuların maaşlarını ödəmir.

AFFA tərəfindən ayrılan vəsait hesabına oynayan komandada problemin yaranmasının səbəbi hər kəsə maraqlıdır.

Məsələ burasındadır ki, federasiya 2 aydır ki, kluba çatmalı olan pulu vermir.

Səbəbini bilmək üçün AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. O, “qafqazinfo”ya açıqlamasında bildirdi ki, vəsaitin göndərilməməsinin günahkarı “Kəpəz”dən qaynaqlanır:

“Klublar bizdən gedəcək vəsaiti almaq üçün hər ay hesabat göndərirlər. “Kəpəz” martın 5-də göndərdiyi hesabatda yanlışlıqlara yol verib. Məhz bu səbəbdən ikinci dəfə göndərməli olublar. İkincisini isə Novruz bayramı ilə əlaqədar olan tətil günlərində bizə atıblar. Ona isə hələ baxılmayıb. Yəni problem bizdən yox, klubdan qaynaqlanır. Onlardan soruşmaq lazımdır. Əgər ikinci hesabatda problem olmasa, pul ödənəcək. Analoji vəziyyətlə başqa klublar da üzləşib”.

“Kəpəz”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev isə maaş gecikməsi olmadığını bildirib: “Hazırda klubumuz tərəfindən ənənəvi olaraq təqdim olunan maliyyə hesabatlarının yoxlanılması proseduru gedir. Klubda maaşların iki ay gecikməsi xəbəri doğru deyil. Bizdə məvaciblər hər ayın 15-də verilib. Bu dəfə arada bayram günləri çox olduğu üçün bir az fasilə yaranıb. Maliyyə hesabatları bütün klublarda var. Sadəcə sponsoru olan klublarda bununla bağlı uzun ləngimə yoxdu”.

Komandanın baş məşqçisi Tərlan Əhmədov ötən gün açıqlama verərək iki ayın maaşını almadıqlarını açıqlamışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti