
Premyer Liqanın 29-cu turunun açılış oyunu “Liv Bona Dea Arena”da baş tutacaq.
Elitadakı yerini qorumaq iddiasını davam etdirən “Kəpəz” çempionatın debütantı “Araz-Naxçıvan”ı qəbul edəcək.
Gəncəliləri naxçıvanlılar üçün uğursuz rəqib adlandırmaq olar. Cari mövsümdə komandalar arasında baş tutan şəxsi oyunların 2-də qərb təmsilçisi qələbəyə sevindiyi halda, Azər Bağırovun yetirmələrinin üzü bir dəfə gülüb.
Çempionatın ilk dövrəsində Gəncədə 2:1 hesablı qələbəyə sevinən “Araz-Naxçıvan” ikinci dövrədə öz meydanında 0:1 hesabı ilə uduzub. Fevralın 5-də Qəbələdə keçirilən qarşılaşmada yenə gəncəlilər üstün olub – 3:1. İndiki məqamda rəqəmlər Adil Şükürovun rəhbərlik etdiyi kollektivin xeyrinə işləyir.
“Araz-Naxçıvan”la “Kəpəz” turnir cədvəlində qonşudurlar. Naxçıvanlılar 32 xalla 8-ci, gəncəlilər 27 xalla 9-cudur. Deməli, bu oyun qərb təmsilçisi üçün həm də turnir cədvəlindəki vəziyyəti yaxşılaşdırmaq baxımından vacib sayılır. Qonaqların mümkün qələbəsi aradakı xal fərqini 2-yə azaldacaq ki, finişə qədərki 7 oyunda “Kəpəz” turnir cədvəlində “Araz-Naxçıvan”ı geridə qoya bilər. Naxçıvanlılar qlaib gələcəyi halda ilk “dördlüy”ə yaxınlaşmaq imkanı qazanacaq.
Komanların ortaq cəhəti son matçlarda uğursuz təsir bağışlamalarıdır. Bağırovun yetirmələri fevralın 13-də “Neftçi”ni məğlub edəndən sonra 2 heç-heçə edib, 4 görüşdə uduzub.
“Kəpəz” isə son 3 oyunda qələbənin nə olduğunu bilmir. “Neftçi”ylə bərabərliyin ardınca “Zirə”ylə “Qarabağ”a boyun əyiblər. Deməli, axşamkı prinsipial qarşılaşma həm də qələbə qazanıb daxildəki ab-havanı səhmana salmaq baxımından önəmlidir.
Aprelin 5-də keçiriləcək “Araz-Naxçıvan” – “Kəpəz” dueli saat 20:00-da başlayacaq.
HƏBİB